Azərbaycan Milli İncəsənət Muzeyinin “Bədii lövhələr” layihəsi davamı edir. Korifey rəssamların yaradıcılığını yaşatmaq və mədəni irsimizi yeni nəslə tanıtmaq məqsədi ilə reallaşan layihənin fevral tədbiri təkrarolunmaz dəsti-xətti ilə seçilən, mənzərə janrının inkişafına böyük töhfələr vermiş şair ruhlu rəssam Səttar Bəhlulzadəyə həsr olunacaq.

Tədbir proqramında uşaq və gənclər üçün şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Mədəniyyətimizin incisi Qarabağ” sərgisini izləmək fürsəti də yaradılıb. Onlar fevral ayının sonunadək davam edəcək sərgidə Qarabağa məxsus xalça və xalça məmulatları, bədii tikmələr, milli geyimlər, məişət əşyalarını kəşf edəcək, zalların kiçik güşələrində həyat tapan Natəvanın əlyazmaları, Usta Qəmbər Qarabaği və Mir Möhsün Nəvvabın rəsmləri, Üzeyir Hacıbəylinin, Bülbülün, Niyazinin şəxsi əşyalari ilə tanış olmaq imkanı əldə edəcəklər.

İştirakçılar muzeydə Qarabağın füsunkar təbiətinin təcəssüm olunduğu sənət lövhələri ilə də tanış olacaq, Səttar Bəhlulzadənin “Cıdır düzü” tablosunun panno və ya puzl üzərində imitasiyasını yaradacaqlar.

Layihəyə qatılmaq üçün öncədən qeydiyyatdan keçmək lazımdır.

Əlaqə telefonu: (+994 12) 492 07 07