Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunu qəbul edib.

Prezident İlham Əliyev ötən ilin dekabrında Moldova Prezidenti Maya Sandu ilə Brüsseldə keçirdiyi görüşü məmnunluqla xatırlayıb və ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

Niku Popesku Moldova Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Moldovanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş edib.

Nazir Niku Popesku ölkələrimiz arasında diplomatik münasibətlərin olduğu 30 ilə yaxın müddətdə həmrəylik prinsipindən çıxış edərək Azərbaycan və Moldovanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini deyib. Moldovalı nazir iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı üçün geniş imkanların olduğunu bildirib, konkret layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

***

Bizim siyasi tərəfdaşlığımız yüksək səviyyədədir. İqtisadi əməkdaşlığı və digər sahələrdə əlaqələri də gücləndirmək niyyətindəyik.

Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku bu sözləri fevralın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Görüşdə iqtisadi, ticarət, enerji, humanitar, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafı üçün mövcud potensialdan istifadə olunması ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin görüşdə iqtisadi münasibətlərə xüsusi diqqətin ayrılmasının önəmli olduğu qeyd edilib və bu xüsusda, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Ceyhun Bayramov moldovalı həmkarına 2020-ci ilin 44 günlük müharibəsindən ötən müddətdə bölgədə mövcud olan vəziyyət, üçtərəfli (Azərbaycan, Ermənistan, Rusiya) bəyanatların icrası və bu xüsusda Azərbaycan tərəfindən atılan addımlar, delimitasiya prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib.

Niku Popesku Moldovanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Hazırkı səfərin mövcud əlaqələrin dərinləşməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Tərəflər Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun yenidən qurulması layihələri, bu xüsusda ərazilərin tez bir zamanda minalardan təmizlənməsinin əhəmiyyəti və prosesə Moldova ekspertlərinin cəlb edilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Azərbaycan və Moldova əsası 1997-ci ildə qoyulmuş GUAM regional əməkdaşlıq təşkilatında təmsil olunurlar.