Azərbaycan XİN: “Erməni tərəf Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatından yalan çıxarışlar edir”

 

Ermənistan XİN-in yaddaşını təzələyirik: Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq bu ərazilərdə genişmiqyaslı qeyri-qanuni fəaliyyət, o cümlədən urbisid, kultursid və ekosid törədən bir ölkədir.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

XİN rəsmisi qeyd edib ki, Ermənistan işğal dövründə Azərbaycanın 9 şəhərini və yüzlərlə kəndini darmadağın edib. Bu ərazilərdəki tarixi, mədəni, dini abidələr viran qoyulub, talan edilib.

Ermənistan işğal altında saxladığı ərazilərdə törətdiyi məqsədyönlü dağıntıları gizlətmək üçün onilliklər ərzində bu ərazilərə UNESCO missiyasının səfərinin qarşısını alıb. Bu fakt UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub.

Eyni zamanda Ermənistan öz ərazisindəki  Azərbaycanın mədəni irsini tamamilə məhv edib. Ermənistan son 30 ildə beynəlxalq hüquq, o cümlədən humanitar hüquq normalarını tapdalayıb; 1949-cu il Cenevrə Konvensiyası, UNESCO-nun 1954-cü və 1970-ci illər konvensiyalarını kobud şəkildə pozub. Ermənistanın yuxarıda sadalanan vandalizminin nəticələri beynəlxalq media və müstəqil ekspertlər tərəfindən geniş şəkildə sənədləşdirilib və işıqlandırılıb.

“Bütün bu qeyd edilənlər fonunda görünür Ermənistan XİN-i Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatından yalan çıxarışlar edərək öz qeyri-qanuni əməllərini pərdələmək məqsədi güdür.

Lakin qonşu ölkənin rəsmi qurumu unudur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir. Azərbaycan bütün dünyada tolerantlıq və mədəni müxtəliflik nümunəsidir.

Ermənistan XİN-ə tövsiyəmiz budur ki, ətəyinə yalan, uydurma, iftira dolu daşları yığmaqla özünü daha da dərin və çıxılmaz vəziyyətə salmasın, əksinə, ətəyindəki daşları ataraq, xoş niyyət və əməllər göstərməyə çalışsın”, – XİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Mədəniyyət Nazirliyi bir sıra xarici kütləvi informasiya vasitələrində ölkəmizin işğaldan azad edilmiş ərazilərindəki mədəni irs mövzusunda yer alan qərəzli xəbərlərlə bağlı 7 fevral tarixində rəsmi məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, Azərbaycan tarixi-mədəni irsinə onun dini-etnik mənşəyindən asılı olmayaraq hər zaman hörmətlə yanaşıb. Bu yanaşma, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarixi-mədəni irsə münasibətdə də sərgilənir. Buna əyani sübut olaraq Şuşada başlamış genişmiqyaslı bərpa-quruculuq prosesinin məscidlərlə yanaşı, iki xristian kilsəsini də əhatə etməsini göstərmək olar.

Məlumatda həmçinin qeyd olunurdu ki, Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə müvafiq monitorinq aparılır. O cümlədən işğaldan azad edilmiş ərazilərdə qədim alban xristian irsi də tədqiq edilir, bununla bağlı yaradılan işçi qrupa xarici ekspertlər də cəlb olunub.

Erməni tərəfi bu məlumatdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə guya erməni irsinə aid abidələri dəyişdirmək niyyətində olduğunu iddia edən açıqlamalar yaymışdı.