Mədəniyyət Nazirliyi və CBC FM radiosunun birgə layihəsi


Azərbaycanın dilbər guşəsi Qarabağ tarixən özünün maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə tanınıb. Ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi görkəmli simaları yetirən Qarabağ Azərbaycanın mədəniyyət məbədidir.

8 noyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik qədim şəhəri, Qarabağın baş tacı Şuşanı 28 il sürən işğaldan azad etdi.

2021-ci il yanvarın 5-də dövlətimizin başçısı 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzaladı.

Mədəniyyət Nazirliyi bu sərəncamı rəhbər tutaraq “Şuşa mədəniyyətinin inciləri” layihəsini həyata keçirir. Bu çərçivədə Mədəniyyət Nazirliyi və Azərbaycanın Qarabağ bölgəsində 3 dildə (Azərbaycan, rus və erməni) yayımlanan CBC FM radiosunun birgə təşəbbüsü kimi “Qarabağın mədəni irsi” rubrikasına start verilir.

Rubrikanın əsas məqsədi “Şuşa mədəniyyətinin inciləri” layihəsi üzrə onlayn-platformalarda yayımlanan məlumatları Qarabağ bölgəsində audio formatda – Azərbaycan, rus və erməni dillərində mütəmadi olaraq dinləyicilərə təqdim etməkdir.