Finlandiyanın espoo.fi xəbər saytında bu ölkənin Espoo şəhərində yaşayan gənc soydaşımız 19 yaşlı Aylin Cabbarovaya həsr olunmuş məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Elli Perttilyanın qələmə aldığı “Məktəb xorundan səsini artistliyədək yazdıran – Aylinin hekayəsi” sərlövhəli məqalədə soydaşımızın peşəkar musiqiçi olmaq arzusundan, 8 yaşında öz dostları ilə birlikdə musiqi qrupu yaratmasından, 12 yaşında olarkən “Səs uşaqlar” (“The Voice Kids”) beynəlxalq musiqi müsabiqəsində uğurlu iştirakından bəhs edilir.

Məqalədə Aylinin konsertlərdə çıxışlarından, pandemiya məhdudiyyətləri dönəmində mahnılar bəstələyərək “İnstagram” səhifəsində paylaşmasından, 2021-ci ildə səsyazma şirkəti ilə müqavilə imzalamasından da söz açılır.