BMM-in “Dəyirmi masa” layihəsi davam edir

 

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Dəyirmi masa” layihəsinin “Şuşa İli”ndə ilk tədbiri şuşalı məşhur xanəndə, Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi Bülbülcanın (Əbdülbaqi Zülalov; 1841-1927) 180 illik yubileyinə həsr edilib.

Fevralın 11-də yeni formatda – elmi-nəzəri və musiqili layihə şəklində  keçirilən tədbirdə xanəndənin həyat və yaradıcılığından, muğam sənətinə verdiyi töhfələrdən söz açıldı. Layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur.

Tədbiri filologiya üzrə fəlsəfə doktoru, Bülbülcan irsinin araşdırıcısı Gülhüseyn Kazımlı açaraq BMM-in layihəsi haqqında məlumat verdi, xanəndənin həyat və yaradıcılığından bəhs etdi.

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov çıxış edərək Bülbülcanın qardaşları Əli və Qəmbər Zülalovlar haqqında danışdı.

Əməkdar artist, tarzən Valeh Rəhimov ötən əsrlərdən bu günə kimi Azərbaycan muğamının keçdiyi yola nəzər salaraq Bülbülcanı bu yolun ən görkəmli xanəndələrindən biri kimi xarakterizə etdi.

Filologiya elmləri doktoru, professor Vilayət Quliyev XIX əsrin II yarısında Şuşanın ədəbi və mədəni mühiti haqqında ətraflı söz açdı.

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov dahi bəstəkarın Bülbülcanla sənət əlaqələri haqqında danışdı. 

Yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli xanəndənin yaradıcılığı ilə bağlı düşüncələrini bölüşdü.

Bülbülcanın nəticəsi Tərlan Zülalov və xanəndənin qardaşı, opera müğənnisi Əli Zülalovun nəvəsi  Anar Hacızadə tədbirin təşkilinə görə BMM rəhbərliyinə təşəkkür etdilər.

Layihənin musiqi hissəsi – BMM solistlərinin ifaları foyedə tədbiri izləyən tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. 

Əməkdar artist İlkin Əhmədov, xanəndələr Hüseyn Məlikov, Vəfa Vəzirova, Nisbət Sədrayeva və Rövşən Bəşirovun ifasında xalq mahnıları və muğamlar səsləndirildi. Xanəndələri Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara) və balabanda Rafael Əsgərov müşayiət edirdi.

Qeyd edək ki, BMM-in tədqiqat işləri “Unudulmayanlar” və “Dəyirmi masa” layihələri çərçivəsində həyata keçirilir.  “Dəyirmi masa”nın mart ayı buraxılışı Cabbar Qaryağdıoğluna həsr olunacaq.

Lalə