Mədəniyyət, Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Bakı Dövlət Sirki və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunmuş “Xatirələrdə qalan oyuncaqlar” uşaq yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb.
Xətai Sənət Mərkəzindən bildirilib ki, müsabiqəyə ölkəmizin müxtəlif guşələrindən mindən çox əsər təqdim olunub.
Yaş həddi nəzərdə tutulmayan müsabiqəyə iştirakçılar uşaq vaxtı ən çox sevdikləri və arzuladıqları oyuncağın rəsmini çəkməklə və ya materiallardan (metal, gil, ağac, kağız, plastilin, parça) maketlər hazırlamaqla, həmçinin xatirə əhəmiyyəti daşıyan oyuncaqlarla qatılıblar.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Münsiflərin seçimi əsasında ilk turdan keçmiş iştirakçılar Xətai Sənət Mərkəzinə dəvət olunacaq. Daha sonra seçilmiş 50-yə yaxın əsər Bakı Dövlət Sirkinin foyesində nümayiş olunacaq və onların müəllifləri həmin gün üçün planlaşdırılmış sirk tamaşasına baxmaq şansı əldə edəcəklər.
Qeyd edək ki, yaradıcılıq müsabiqəsində seçilən iştirakçıların siyahısı Xətai Sənət Mərkəzi və Dövlət Rəsm Qalereyasının sosial media hesabları, həmçinin qalereyanın rəsmi internet saytı (www.azgallery.az) vasitəsilə yayımlanacaq.
Seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində xsm.2016@mail.ru elektron poçt ünvanına müraciət edə bilər.