Bu həm də sağlamlığımız üçün gərəklidir

 

Bəşəriyyət yarandığı dövrdən insan cəmiyyəti müxtəlif formasiyalar yaradaraq, ictimai-siyasi, mədəni inkişafa doğru irəliləmişdir. Bu inkişaf yolunda əcdadlarımız həm də zəngin mədəni miras yaratmışdır.

Xalça sənəti də bu qədim mədəni zənginlik arasında özünəməxsus yerə malikdir. Müasir insanların incəsənətin “dekorativ-tətbiqi sənət” adlandırdığı növünə aid ilk xalça nümunələrinə, əsasən ilk vaxtlarda köçəri həyat tərzi keçirən xalqların mədəniyyətində rast gəlinir. Xalqımız da xalça sənətinin ən qədim nümunələrini toxumuş dünya xalqları sırasındadır. Qədim genezisə sahib olan Azərbaycan xalça sənəti geniş mövzunu əhatə edir. Əsrlər boyu xalça və xalça məmulatları xalqımızın həyatında, məişətində mühüm yer tutmuşdur. Təbii boyaq maddələri əldə etmək üçün ana təbiət yurdumuzdan heç nəyi əsirgəməmişdir. Məhz buna görə də xalça məmulatları zəngin koloriti ilə göz oxşayır.

Müasir dövrümüzdə xalça sənətinin müxtəlif sənətşünaslar tərəfindən illərlə tədqiq olunmasına baxmayaraq, hələ də araşdırılmağa ehtiyac duyulan, diqqətdən kənarda qalan qaranlıq məqamlar, mövzular vardır. Xalça sənətşünaslarının qarşısında duran digər məsələ isə keçmiş zamanlarda geniş istifadə edilən, lakin zamanımızda həyat tərzinin inkişafı ilə əlaqədar unudulan xalça növlərini və xalça məmulatlarını yenidən müasir dövrümüzə uyğunlaşdıraraq geri qaytarmaqdır. Bu işdə sənətşünaslara geyim və interyer dizaynerləri, istehsalat sənayesi kömək etməlidir.

Onu da qeyd etmək lazımdır ki, müasir həyatın yüksək tempinə baxmayaraq, xalça sənəti hələ də müəyyən qədər öz varlığını qoruyub saxlamağı bacarmışdır. Sözsüz ki, sənətin unudulmaması istiqamətində ölkəmizdə mütəmadi olaraq tədbirlər görülür.  O cümlədən xüsusi peşə məktəblərində və ixtisasa uyğun ali təhsil müəssisələrində xalça sənəti üzrə gənc kadrlar hazırlanır. “Azərxalça” ASC öz fəaliyyəti ilə Azərbaycanda xalça və xalça məmulatlarının istehsalını, bu sahədə yeni texnologiyaların tətbiqini təmin edir.

Xalçaçılıq ənənəsinin təbliğində Azərbaycan Milli Xalça Muzeyinin də apardığı maarifləndirmə işləri təqdirəlayiqdir. Muzey nəfis xalça və xalça məmulatlarından ibarət daimi ekspozisiyadan başqa, mütəmadi olaraq xalça ustalarının yaradıcılıqlarına həsr etdiyi müxtəlif sərgi və konfranslarla da təbliğat sahəsində uğurlu nailiyyətlər əldə edir. Lakin unudulmaqda olan xalça sənətinə dair bir çox sahələrin yenidən dirçəlməsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var. Məsələn, xalçaçılıqda qədimdə istifadə edilən boyaq maddələrinin hazırlanması, unudulmuş xalça çeşidlərinin bərpası, istifadədən çıxarılmış xalça məmulatlarına yeni həyat bəxş edilməsi üçün planlı addımlar atılmalıdır.

Tarixi keçmişə nəzər salsaq, xalçanın insan həyatının əsas sahələrində istifadə edildiyini, bu zərif sənətin əhali üçün nə qədər önəmli olduğunu görmüş olarıq. Lakin, çox təəssüf ki, hazırda xalça sənəti praktik həyatımızda az iştirak etdiyi üçün bir çox məmulatlar dövrümüzdə istifadədən çıxarılmışdır. Uzun illər boyu Azərbaycan məişətində geniş istifadə edilən qaşıqdan və ya çömçədan hazırda əhalinin yaylaq-qışlaq həyat tərzindən uzaqlaşması və evlərinə mətbəx mebelinin daxil olması ilə istifadədən sıxışdırılıb çıxarılmışdır.

Qaşıqdan üz tərəfi zili, arxa tərəfi isə palaz olan – qaşıq, çömçə, oxlov kimi mətbəx ləvazimatlarının yığılması üçün uzunsov torba tipli xalça məmulatıdır. Ölçüsü çox da böyük olmayan qaşıqdan bədii dekorativ baxımdan incə zövq ilə bəzədilirdi. Ətrafları saçaqlı, ağız hissəsində isə torbanı büzmək üçün ip olurdu. Qaşıqdan zamanında çox praktik və əvəzsiz xalça məmulatı olmaqla yanaşı, həm də əcdadlarımızın incə zövqünü, dünyagörüşünü, inanclarını öz kiçikölçülü səthi üzərində naxış dili ilə əks etdirən nəfis sənət məhsulları sırasındadır.

Hazırda məişətdə arxaik xüsusiyyət daşıyan digər xalça məmulatı isə duz saxlamaq üçün istifadə edilən torbadır. Bu torbadan həm duzu saxlamaq, həm də bir yerdən başqa yerə daşımaq üçün istifadə edilirdi. Ağzı dar və uzunsov olan duz torbasının üzəri xüsusi naxışlar ilə bəzədilirdi. Rəngli yun, pambıq və ipək iplərdən zili üsulu ilə toxunurdu. Görünüşünə görə sandığı xatırladan məfrəşə bəzi yerlərdə “fərməş” də deyilir. İçərisinə yorğan-döşək dəsti yığılaraq bir yerdən başqa yerə daşınırdı. Həmçinin gəlin köçən qızların cehizi də onun içərisinə yığılırdı. Üst hissəsində ağzını gözəmək üçün ilgəklər olurdu. Kilim və ya zili toxunuşlu olan məfrəşlər xovlu xalça texnikası ilə də toxunurdu.

Keçmişdə məişətdə, gündəlik həyatda geniş istifadə edilən digər bir xalça məmulatı isə çuvaldır. Çuvallar, adətən böyük ölçüdə olub, içərisində dənli bitkilər saxlanılırdı. Həmin xalça məmulatı xovlu və xovsuz texnika ilə toxunurdu. Ağız hissəsində torbanı büzmək üçün ip olurdu. Sevindirici haldır ki, müasir dövrümüzdə Novruz bayramı mərasimlərində kiçikölçülü çuvallardan bayram süfrələrinin bəzədilməsində istifadə edilir. Onun içərisinə qoz-fındıq, noğul qoyulur. Həmçinin nişanlı qızlara aparılan bayram xonçalarında da milliliyin əksi kimi belə çuvallardan istifadə edilir. Bu geri dönüş etmiş məmulatın istifadəsini genişləndirmək və yaymaq isə bizlərin borcudur.

İki gözdən və onları birləşdirən ara hissədən ibarət olan xurcun isə, təəssüf ki, məişət və təsərrüfatımızdan birdəfəlik çıxmışdır. Qədimdə xurcundan minik heyvanlarının üzərində yük daşınması üçün istifadə edilirdi. Xurcunun ön (görünən) hissəsi zili, kilim kimi nəfis naxışlı xovsuz xalça texnikalarında toxunurdu. Arxa hissəsi isə sadə palaz toxunuşlu idi. İnsanların çiyinlərində yük daşıya bilmələri üçün isə daha kiçikölçülü heybələrdən istifadə edilirdi.

Məişətimizdən birdəfəlik çıxmış digər xalça məmulatları olan düyə başlıq, dəvənin belini örtmək üçün düyə xalı, çadırda karniz effekti yaradan yolam, çadırdan asılan kərəgə-torba, ocağın üzərindən asılan ocaqbaşı, çadırda belin söykənməsi üçün asılan püşti və s. kimi xalça məmulatları zamanında geniş istifadə edilirdi.

Elə xalça məmulatları var ki, çuval kimi onları da müasir həyata uyğunlaşdırıb yenidən istifadə etmək mümkündür. Belə məmulatlardan biri günümüzdə də istifadə edilən pərdədir. Qədimdə isə qalın yun parçadan, kilim və cecimlərdən pərdə kimi istifadə edilirdi. Bu pərdələr qapılara asılır və ya alaçığı otaqlara bölmək üçün istifadə olunurdu. Yun parçalardan hazırlanan pərdələr uzun üfüqi istiqamətdə olan ənənəvi zolaqlar və qotazlar ilə bəzədilirdi. Xovsuz xalçalardan hazırlanmış pərdələrdən bu gün də otaqlarımızın interyerində istifadə etmək olar. Yəni müasir pərdələrin teatral hissəsində zili, kilim, cecim, vərni, şəddə kimi xovsuz xalça növlərindən istifadə edərək interyerdə milli ab-hava yaratmaq mümkündür.

Gündəlik həyatımıza daxil edə biləcəyimiz daha bir xalça məmulatı isə xovlu və xovsuz texnika ilə toxunan çantalardır. Qədimdə asmaq üçün ipləri olan dördkünc kiçik həcmli torbanın içərisinə xırda əşyalar qoyulurmuş. Çantanın bəzəyi xalça ustasının zövqündən asılı idi. Bu əşya asanlıqla dövrümüzdə də praktik xarakter daşıya bilər.

Çağımıza uyğunlaşdırılaraq yenidən istifadə edilə biləcək əşyalardan biri də keçmişdə məişətdə geniş istifadə edilən balışüzüdür. Balışüzü həm kətan, həm də ipəkdən hazırlanırdı. Balış üzləri eyni zamanda xalça toxunuşlu da olurdu. Xalça toxunuşlu balış üzləri XX əsrin əvvəllərinə kimi məişətdə geniş istifadə edilirdi. Hazırda unudulmuş xalça məmulatları sırasındadır. Yerli istehsalda bu cür balış üzlərinə yer ayrılsaydı, gəlin köçən qızlarımız cehizliklərində xarici istehsal olan taxt örtükləri, çarpayı dəstləri əvəzinə məhz milli xüsusiyyətli məhsullardan yararlanmaq imkanına sahib olardılar.

Xalça məmulatlarını dövrümüzə uyğunlaşdırmağın digər bir yolu isə onlardan müasir tələbə uyğun aksesuarların hazırlanmasıdır. Bu işdə dizaynerlərin öhdəliyi böyükdür.

Unudulmuş xalça məhsullarına yeni həyat vermək üçün bu məmulatlara tələbi artırmaq prioritet olmalıdır. Bu məqsədlə interyer dizaynerləri öz layihələrində milli xarakterli guşələrin hazırlanmasına diqqət yetirsələr, yaxşı olar. Böyük tikinti şirkətləri həmin dizaynerlərlə əməkdaşlığa üstünlük verməlidirlər. Tekstil və xalça istehsalı sahələri də müasir əşyaları hazırlayarkən xalça məmulatlarını dövrün tələbinə uyğunlaşdıraraq istehsalına yer ayıra bilərlər. Məsələn, qədimdə yalnız varlıların istifadə etdiyi çarpayı örtüyündən dövrümüzdə kürsülərin, avtomobil oturacaqlarının örtülməsi üçün də yararlanmaq mümkündür. Bu yöndə təbliğat aparılmalı və istehsalatda cecim və kilim toxunuşlu örtüklərə yer ayrılmalıdır.

Bundan əlavə, geyim və aksesuar markalarının yaradılmasına yatırımlar edilə bilər. Geyim sektorunda qolsuz arxalıqların (jiletlər) uzunboğaz çəkmələrin hazırlanmasında xovsuz xalçadan və ya sırğa, saç aksesuarları, broşların dizaynında xalça məmulatlarından istifadə etmək olar.

Təsərrüfat sahəsində istifadəsi unudulmuş xalça məmulatlarına tələbat yaratmaq üçün müxtəlif milli bayram və festivalların təşkili zamanı iştirakçılara təklif olunacaq əşyaların xalça məmulatlarından hazırlanmasını şərtlərdən biri kimi irəli sürmək olar. Məsələn, Cıdır düzündə at yarışları zamanı atların bəzədilməsində xalça məmulatlarının istifadəsi bu sahənin diqqət mərkəzinə alınmasına stimul ola bilər.

Yuxarıda da qeyd etdiyim kimi, qədim zamanlarda köçəri əhalinin məişətində geniş istifadə edilən xovsuz xalça məmulatları müasir həyatın inkişafı ilə gündəlik həyatımızdan çıxmışdır. Həm bədii ornamental tərtibatı baxımdan qiymətli olan, həm də təbii tərkibli bu qədim xalça məmulatlarını müasir həyatımıza uyğunlaşdırmaq sənətşünasların qarşısında duran vacib öhdəlikdir. Xalça məmulatlarını müasir insanı qane edəcək tərzdə hazırlamaq və yenidən məişətimizə daxil etmək üçün təbliğat işləri də aparılmalı və bu kontekstdə sağlam məişət mühitinin yaradılmasının vacibliyi vurğulanmalıdır. Çünki çağdaş dövrdə bizi hər yerdə sağlamlığa zərər olan plastik və kimyəvi tərkibli məmulatlar əhatə edir. Geyimlərimiz, üzərində yatdığımız yorğan-döşək, məişət ləvazimatı, həmçinin qidalarımızdakı süni tərkibli çox zərərli maddələr xəstəliklərə səbəb olur. Xüsusən də əsrin bəlası xərçəngin yayılma və inkişaf səbəblərindən biri məhz bu cür zərərli və keyfiyyətsiz əşyalardır. Bu səbəbdən təbii tərkibli yun, pambıq, ipəkdən toxunmuş xalça və xalça məmulatlarına yeni həyat bəxş etmək həm də sağlamlığımızın qeydinə qalmaq deməkdir. Xalça məmulatlarını təbliğ edək, sağlam həyata qovuşaq...

Sədaqət Əliyeva
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının I kurs magistrantı