Yol xəritəsinin ilkin layihəsi müzakirə olunub

 

Azərbaycan Respublikasının  Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiyalar” işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun iclası keçirilib.

Onlayn formatda keçirilən iclasa Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının, ADA Universitetinin, Dövlət İqtisad Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri və ekspertlər qatılıblar.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüş zamanı elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması məqsədilə 2022-ci il üzrə Yol xəritəsinin ilkin layihəsi müzakirə olunub. Ölkəmizdə H indeksi və digər əlaqəli göstəricilər üzrə mövcud vəziyyət, nəşr sayına görə yuxarı və aşağı göstəriciyə malik elm sahələri, tədqiqatçı profillərinin sayına görə elm və təhsil müəssisələrinin sıralaması, digər məsələlərlə bağlı müzakirələr aparılıb. Azərbaycanın H indeksi göstəricisinin yaxşılaşdırılmasına dair təkliflər dinlənilib, iştirakçılar tərəfindən təqdimatlar edilib.

Yekunda elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə tədbirlərin qısa, orta və uzun müddətli olmaqla qruplaşdırılması və altqrupda təmsil olunmayan aidiyyəti qurumların siyahısının müəyyən olunması, eləcə də həmin qurumlardan nümayəndələrin təyin edilməsinə dair qərar qəbul edilib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2016-cı ildə yaradılıb. Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə yaradılmış komissiyanın sədri Baş nazirin birinci müavini Yaqub Eyyubovdur.