Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilinə tərcümə edən Özbəkistanın Xalq şairi Camal Kamal Azərbaycan Mədəniyyət Nazirliyinin  ötən il təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanı ilə təltif olunub.

“Xəmsə”nin özbək dilinə yeni tərcümə layihəsi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi üzrə həyata keçirilib.

AMM-nin direktoru, Azərbaycanın Özbəkistandakı Səfirliyinin birinci katibi Samir Abbasov Camal Kamalla görüşüb, "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanını və vəsiqəni ona təqdim edib.

AMM-nin direktoru Azərbaycan klassiklərinin əsərlərini özbək dilinə tərcüməsi və oxuculara öz ana dillərində çatdırılmasında xidmətlərinə görə şairə Azərbaycan Mədəniyyət Nazirliyi adından təşəkkürünü bildirib. O, 2021-ci ilin Azərbaycan Prezidenti tərəfindən “Nizami Gəncəvi İli” elan edildiyini və şairin “Xəmsə”sinin özbək dilinə çevrilməsinin bu ilə gözəl bir töhfə olduğunu vurğulayıb.

Camal Kamal dünya ədəbiyyatının zirvəsi, Azərbaycan xalqının qüruru olan Nizami Gəncəvinin “Xəmsə”sini ilk dəfə tam olaraq özbək dilinə tərcümə etməsi və belə yüksək mükafata layiq görüldüyü üçün özünü xoşbəxt saydığını deyib, gələcəkdə də Azərbaycan şairlərinin yaradıcılığına müraciət edəcəyini bildirib.