“Qarabağa çoxdan səfər etmək istəyirdim. Gözlədim ki, müharibə bitsin...”

 

Dünyanın 21 ölkəsindən olan tanınmış səyyahlar  Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdədir. Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunan səfər proqramı fevralın 16-da Şuşa şəhəri ilə tanışlıqla başlayıb. Həmin gün qonaqlar Ağdama da səfər ediblər. Fevralın 17-də isə səfər proqramı Laçın və Kəlbəcər rayonlarını əhatə edib.

Qonaqlara əvvəlcə Şuşa qalası haqqında məlumat verilib. Bildirilib  ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub. 1992-ci ildə şəhər erməni silahlı qüvvələri tərəfindən işğal olunandan sonra Şuşa qalasının divarları erməni vandalizminə məruz qalıb. 2020-ci ildə Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra burada təmir-bərpa işləri aparılıb. Qonaqlar Şuşa qalasının divarları fonunda xatirə şəkilləri çəkdiriblər.

Səyyahlar Şuşanın mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün işğal zamanı güllələnmiş büstlərini də ziyarət ediblər. Dünya şöhrətli fotoqraf Reza Deqati Birinci Qarabağ müharibəsi zamanı şahidi olduğu hadisələrdən danışıb, Şuşa şəhərinin erməni işğalından əvvəlki və sonrakı vəziyyəti haqqında səyyahlara məlumat verib.

Əcnəbi səyyahlar daha sonra Yuxarı Gövhər ağa məscidində olublar. Qonaqlara məlumat verilib ki, otuz ilə yaxın sürən işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Bülbülün Şuşa şəhərindəki ev-muzeyi də ziyarət olunub. Muzeyin fəaliyyəti və tarixi barədə qonaqlara məlumat verilib.

Səfər iştirakçılarının Şuşada son dayanacağı Cıdır düzü olub. Onlar Cıdır düzündən açılan gözəl mənzərəni seyr ediblər.

Əcnəbi səyyahlar Şuşa şəhəri ilə tanış olduqdan sonra fevralın 16-da Ağdama gəliblər. Heyət Ağdamda erməni işğalı və barbarlığından nisbətən salamat çıxmış yeganə tikili – Cümə məscidi ilə tanış olublar. Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib.

Erməni vandalizminə məruz qalan Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilib. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Erməni vandalları Ağdam Cümə məscidində də mal-qara saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Qonaqlar Ağdam şəhərinin dağıntılarına baxıblar. Qeyd olunub ki, Qarabağ xanı Pənahəli xan XVIII əsrdə Ağdamda ağ daşdan ev tikdirib. Ağdam şəhərinin adı da buradan götürülüb. Qədim türk dilində isə Ağdam kiçik qala mənasını daşıyır. Ağdam şəhəri Qarabağ xanlığı dövründə inkişaf edib. Ermənistanın işğalına qədər Ağdam Azərbaycanın nəinki Qarabağ bölgəsinin, ümumilikdə respublikanın ən inkişaf etmiş şəhərlərindən idi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş edib. Ağdamda həm də Azərbaycan mədəniyyətinin ən vacib nümunəsi sayılan muğam geniş inkişaf edib. Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərib.

Səyyahlar qrupunu müşayiət edən məşhur fotoqraf Reza Deqati Birinci Qarabağ müharibəsi zamanı Ağdam Cümə məscidi və şəhərdə şahidi olduğu ağrı-acılı xatirələri bölüşüb, çəkdiyi fotoşəkilləri qonaqlara təqdim edib, onların suallarını da cavablandırıb.

***

Qeyd edək ki, tanınmış xarici səyyahların səfər proqramı işğaldan azad edilmiş digər əraziləri də əhatə edir. Onlara işğal müddətində yerlə yeksan olan yaşayış məntəqələri,  Azərbaycanın maddi-mədəni irsinin, tarixi, dini abidələrinin ermənilər tərəfindən dağıdıldığı barədə məlumat verilir, işğalçıların insanlıq əleyhinə cinayətlərinin izləri əyani nümayiş etdirilir.

Fevralın 17-də heyət Kəlbəcər və Laçın rayonlarında olub. Səfər zamanı qonaqlar Birinci Qarabağ müharibəsi zamanı (1993) Kəlbəcər tuneli qarşısında ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların xatirəsini yad ediblər.

Sonra xarici səyyahlar Kəlbəcərin İstisu qəsəbəsinə gəliblər. Qonaqlara məlumat verilib ki, burada məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya salınıb. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və sanatoriyası ilə bütün dünyada tanınıb.

Daha sonra qonaqlar Laçın dəhlizindən keçiblər. Onlar yolboyu ətrafda ermənilər tərəfindən dağıdılmış binalara və tikililərə baxıblar.

***

Qonaqlar ilk təəssüratlarını onları müşayiət edən jurnalistlərlə bölüşüblər.

“Mən Londonda yaşayıram. Əvvəllər Bakıda olmuşam, lakin ilk dəfə Qarabağa səfər edirəm”, – deyə ingiltərəli Susan Patricia Rogers bildirib.

O, Qarabağ müharibəsi barədə eşitdiyini, lakin heç vaxt Qarabağa Ermənistan tərəfdən səfər etmək barədə düşünmədiyini bildirib: “Əslində, bu səfər mənim üçün maraqlıdır, çünki Qarabağa çoxdan səfər etmək istəyirdim. Gözlədim ki, müharibə bitsin, təhlükəsizlik bərpa olunsun, sonra səfər edim. Buralar çox gözəldir, həmçinin bu qısa müddət ərzində görülən işlər, çəkilən yol, elektrik və digər işlər təqdirəlayiqdir. Lakin hələ görüləcək işlər çoxdur. Düşünürəm ki, burada quruculuq işləri tamamlandıqdan sonra mən bura yenidən səfər etməliyəm...”.

“Mən üçüncü dəfədir ki, Azərbaycana gəlirəm. Biz buraya Qarabağ regionunun tarixini öyrənmək üçün gəlmişik”  – bu fikirləri niderlandlı səyyah Boris Kester Şuşada bildirib.

Qarabağda dağıdılmış binaları, eyni zamanda aparılan tikinti işlərini gördüyünü deyən səyahətçi qeyd edib: “Şuşa çox maraqlı şəhərdir. İnanıram ki, Şuşanın tarixini daha dərindən öyrənəcəyəm...”.

Polşadan olan səyyah Daniel Zaqrodski Şuşada qısa zamanda böyük işlər görüldüyünü qeyd edib: “Eyni zamanda nəzərə alsaq ki, burada əhali yenidən yaşayacaq, hələ görüləcək işlər çoxdur. İlk dəfədir ki, mən televiziyada və ya “Youtube”də deyil, öz gözlərimlə bir şəhərin müharibədə necə dağıdıldığını görürəm. Kədərli görüntüdür, lakin eyni zamanda, bu şəhərdə həyat bərpa olunur Yolboyu gördüyüm dağıntılar sadəcə, dəhşətdir. Bir zamanlar kəndlər olduğu ərazilərdə indi heç nə qalmayıb, hər şey dağıdılıb, silinib. Mən bu yerlərin çoxlu şəkillərini çəkdim. Ağdamdakı görüntülər kədərlidir. Bura “ruhlar şəhəri”nə çevrilib...”.

ABŞ-dan olan səyyah Per Adrian Besson da Ağdamda gördüyü vandalizmin onu mütəəssir etdiyini deyib. O, tezliklə Ağdamda həyatın yenidən canlanacağına əmin olduğunu bildirib: “İnanıram ki, regionda sülh olacaq, inkişaf olacaq. Hər iki ölkə problemləri danışıqlar yolu ilə həll edəcək və birlikdə sülh içərisində yaşayacaq”.

Bosniya və Herseqovinadan səyyah Milana Bojinovic də oxşar fikirləri bildirib: “Ağdamda hər şey dağıdılıb, ancaq bir məscid salamat qalıb. Bütün bunlar təəssüfedicidir. Mənim vətənimdə də ağır müharibə olub, müharibənin dəhşətlərini bilirəm. Ümid edirəm ki, gələcəkdə hər iki ölkə mehriban qonşuluq münasibətləri yaradacaq...”.