Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə 2022-ci ildə Azərbaycanın böyük bəstəkarı Fikrət Əmirovun (1922-1984) anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçiriləcək.

İl ərzində “Fikrət Əmirov – Azərbaycan musiqi sənətinin parlaq siması, dünya musiqisində simfonik muğam janrının yaradıcısı” adlı beynəlxalq konfransın, Azərbaycan musiqiçiləri və Özbəkistan Milli Simfonik Orkestrinin iştirakı ilə dahi bəstəkarın əsərlərindən ibarət dostluq konsertinin və digər tədbirlərin təşkili nəzərdə tutulub.

AMM-dən verilən məlumata görə, həmçinin Fikrət Əmirovun bir sıra əsərlərinin not yazıları Özbəkistanın ali musiqi məktəblərinə hədiyyə ediləcək.

Qeyd edək ki, mərkəzin könüllüləri tərəfindən “Wikipedia” elektron ensiklopediyasında Fikrət Əmirov haqqında özbək dilində bölmə hazırlanaraq istifadəyə verilib.