Fevralın 18-də Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalının, nəşrin internet saytının və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi filminin təqdimat mərasimi keçiriləcək.

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək tədbirdə həmçinin Qobustan abidələrindən bəhs edən fotosərgi nümayiş olunacaq.

Xalqımızın qədim tarixini, yaşayış tərzini, mədəniyyətini, incəsənətini özündə əks etdirən Qobustan mədəniyyətin müxtəlif sahələrinin silinməz nişanələrini gələcək nəsillərə  daşıyır.

Təkcə ölkəmizin deyil, dünyanın mədəni mirası olan Qobustan qayaüstü abidələrinin, ümumilikdə Azərbaycan mədəniyyətinin və incəsənətinin ölkə və beynəlxalq səviyyədə  layiqincə təbliğ olunması qoruğun ən vacib fəaliyyət istiqamətlərindən biridir. Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi jurnal, sayt və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi filmi də bu məqsədə xidmət edir.