Qətər Dövlətinin məşhur Şeyx Faysal Muzeyində Azərbaycan guşəsinin açılış mərasimi keçirilib. Guşə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib.

Açılış mərasimində çıxış edən Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov iki ölkə arasında bütün sahələrdə uğurlu əlaqələrdən danışıb və bu əlaqələrin mədəni sahədə də inkişaf etdiyini vurğulayıb. Səfir qeyd edib ki, dünyada tanınan Şeyx Faysal Muzeyində Azərbaycan mədəniyyəti və tarixinə aid nümunələrin sərgilənməsi bu əlaqələrin daha da möhkəmlənməsinin bariz nümunəsidir. Diplomat yaradılmış bu imkana görə Qətər tərəfinə və əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Muzeyin qurucusu Şeyx Faysal bin Qassim əl-Tani öz ürək sözlərini ifadə edərək bu cür eksponatları muzeydə sərgiləməkdən məmnunluq hissi keçirdiklərini deyib.

Daha sonra səfir və Şeyx Faysal bin Qassim əl-Tani muzeyin əsas hissəsində yaradılmış Azərbaycan guşəsinin açılışını bildirən rəmzi lenti kəsib və qonaqlarla birlikdə eksponatlara baxıblar.

Burada Azərbaycan xalça sənəti və milli geyim nümunələri, milli musiqi alətləri və s. nümayiş olunur. Guşə ilə yaxından tanışlıq qonaqlarda zəngin təəssürat yaradıb.