Qahirə şəhərinin qədim əlyazmalarla zəngin kitabxanalarından olan “Misir kitablar evi”ndə (Dər əl-kutub əl-Misriyyə) görkəmli Azərbaycan şairi Xaqani Şirvaniyə (1126-1199) məxsus əsərlərin yeni əlyazmaları tapılıb.

Əlyazmalar Qahirə Universitetinin əməkdaşı, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, tədqiqatçı alim Seymur Nəsirov tərəfindən aşkar olunub. Əldə edilən əlyazmalar şairin divanının dörd nüsxəsi, “Töhfətül-İraqeyn” (“İki İraqın töhfəsi”) poemasının isə əlyazma nüsxəsindən ibarətdir. Divanın birinci nüsxəsi 1603-cü ildə nəstəliq xətti ilə köçürülüb. Bu əlyazma 369 vərəq və 17 sətirdən ibarətdir. İkinci nüsxə qızılı çərçivəyə alınaraq nəstəliq xəttində hicri tarixi ilə 1454-cü ildə köçürülüb və onun birinci səhifəsi yoxdur. Bu əlyazma isə 322 vərəq və 21 sətirdən ibarətdir. 335 vərəq və 20 sətirdən ibarət üçüncü nüsxə də qızılı çərçivə daxilində nəstəliq xəttində 1600-cü ildə Ümməti Türbəti tərəfindən köçürülüb. 1420-ci ilə aid olan dördüncü nüsxə isə Fürsət Qərib tərəfindən köçürülüb. Lakin bu əlyazma nüsxəsində Xaqani ilə yanaşı, müxtəlif şairlərin əsərləri də yer alıb.

“Töhfətül-İraqeyn” poemasının aşkar olunan yeni əlyazmasında əsərin 1156-cı ildə, müəllifin ilk Həcc ziyarətində yazdığı qeyd edilir. Bu əlyazma 1694-cü ildə Məhəmməd Əli İzzəddin Əhməd oğlu əl-Şirazi tərəfindən köçürülüb.

Qeyd edək ki, Seymur Nəsirov bundan öncə Misir kitabxanalarında aşkar etdiyi Nizami Gəncəvinin “Xəmsə”sinin, İmadəddin Nəsiminin külliyyatının əlyazmaları haqqında məlumat verib. O, Misirdə ərəb mənbələrinə istinadla azərbaycanlı şair, mütəfəkkir, alimlər haqqında iki kitabın və elmi məqalənin müəllifidir. Misirdə azərbaycanlı diasporuna rəhbərlik edir.