Ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Türkiyənin Daşkənd səfirliyinin birinci katibi Buğra Doğanla görüşüb.

AMM-də keçirilən görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən otuz ilə yaxın sürən işğalı zamanı tarixi-mədəni irsimizə qarşı həyata keçirilmiş vandalizmdən söhbət açılıb, 2020-ci ilin Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası prosesinin başlandığı qeyd edilib.

Diplomatlar ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığına dair sözlərini xatırladaraq dövlətlərimiz arasında yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Söhbət zamanı Özbəkistanda mədəniyyət sahəsində birgə layihələrin, o cümlədən “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan şəhərlərlə bağlı tədbirlərin keçirilməsi, Azərbaycan şairi Əhməd Cavadın 130 illiyi ilə əlaqədar Azərbaycan-Özbəkistan-Türkiyə alimlərinin konfransının və dostluq konsertinin təşkili, “Kitabi-Dədə Qorqud” eposuna dair layihə, habelə Daşkənddəki Türk məktəbi ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

S.Abbasov qonağa AMM-in fəaliyyəti haqqında da məlumat verib. Buğra Doğan mərkəzinin nəzdindəki muzeylərlə tanış olub.