Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında LOLA audiovizual yayım sistemi vasitəsilə Estoniya Musiqi və Teatr Akademiyasının professoru Peep Lassmann tərəfindən BMA-nın tələbələri üçün ustad dərsi keçirilib.

Ustad dərsində fortepiano fakültəsinin tələbələri Elmar Hüseynov, Elçin Məmmədov, Günel Hacıyeva bəstəkarlar F.List, F.Şopen və L.V.Bethovenin əsərlərini ifa ediblər.

Ustad dərsi GEANT (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) Assosiasiyasının Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsi çərçivəsində, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və BMA-nın birgə təşkilatçılığı ilə reallaşıb.

LOLA layihəsi real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıyır və fiziki olaraq bir-birlərindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirir. Bu texnologiya müxtəlif coğrafi ərazilərdə keçirilən tədbirlərə (konsertlər, ustad dərsləri, tədris və s.) ifaçı və musiqiçilərin onlayn bağlantı vasitəsilə qoşulmasını təmin edir.