Azərbaycan Milli Konservatoriyasında (AMK) “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında “Open Science” platformasının təbliği” layihəsi çərçivəsində seminar keçirilib.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən seminarda konservatoriyanın magistr və doktorantları iştirak ediblər.

AMK-nın rektoru, professor Siyavuş Kərimi giriş sözündə elmə, yaradıcılığa xidmət edən bu layihənin gənc alim, tədqiqatçı və doktorantlara akademik yazı bacarıqlarını inkişaf etdirməkdə kömək olacağını qeyd edib, iştirakçılara uğurlar arzulayıb.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Open Science” platforması haqqında məlumat verib. Bildirib ki, “Open Science” platforması elmi-tədqiqatların tamamilə şəffaf bir şəkildə aparılması praktikasını təşviq edir və elmi araşdırmaların nəticələrini hamıya çatdırır. Platformanın məqsədi elmi-tədqiqatları, məlumatları və onların yayılmasını cəmiyyətin bütün maraqlı tərəfləri üçün əlçatan olmasını təmin etməkdir.

Ekspert Sevinc Əliyeva “Open Science” platforması ilə bağlı təqdimatla çıxış edib. O, platformanın konsepsiyaları, prinsipləri, “Open Science” praktikası haqqında ətraflı söhbət açıb.

Sonda mövzu ətrafında geniş müzakirə aparılıb, təlimdə iştirak edən magistr və doktorantlara sertifikat verilib.