Naxçıvan xalçalarının xüsusiyyətləri haqqında


Hər bir xalq dünya mədəniyyətini öz töhfələri ilə zənginləşdirir və bunlar bəşəriyyətin toxunulmaz mədəni irsinə çevrilir. Xalqımızın milli və ümumbəşəri mahiyyət daşıyan mədəni dəyərlərindən biri Azərbaycan xalçaçılıq sənətidir.

Xalça toxumaq sənətinin kökü çox qədimdir. Xalçaçılıq sənətinin əmələ gəlməsi bir tərəfdən lazımi xammal bazasının olması, digər tərəfdən isə insanların təsərrüfat ehtiyacları ilə izah edilir. Qoyunçuluğun xeyli genişlənməsi, geniş təbii boyaların olması, digər tərəfdən isə insanların təsərrüfat ehtiyacları ilə izah edilir. Qoyunçuluğun xeyli genişlənməsi, geniş təbii boyaqların olması Azərbaycanda xalçaçılıq sənətinin inkişafı üçün əlverişli şərait yaratmışdır.

Qoyun deyər, mən heç otdan doymaram,
Payız olcaq çörün-çöpün qoymaram.
Ağır-ağır xalılarım var mənim
Keçə, kilim, xurcunlarım var mənim...

Tariximizin yadigarı xalçalarımız nənələrimizin, babalarımızın dilində olan bayatılar, şeirlər və qoşmalarla uyğunlaşdırılıb toxunmuş və nəsildən-nəslə ərməğan edilmişdir.

Hər rəngin öz səsi, öz ahəngi var,
Bir adi ilmənin neçə rəngi var.
Narıncı, al-yaşıl, qırmızı, sarı,
Kim, necə toxuyub bu xalıları?

Xalça insanın təbiətlə, torpaqla təmasından doğan bəhrədir. O, sənətkarın təbiətin min cür ünsüründən, mədəniyyətin qeyri-adi fenomeni, məişət və sənət örnəyi yaratmaq bacarığından doğur.

Tarixi mənbələrə nəzər salsaq görərik ki, Azərbaycan xalçaçılığının inkişafı haqqında Herodot, Elian, Ksenofont və digər qədim dünya tarixçiləri məlumat vermişlər. Xalçalar insan həyatında, sadəcə, bir bəzək deyil. Qeyd edək ki, necə ki, şairlər, yazıçılar bədii əsərlər yazaraq öz fikirlərini gələcək nəsillərə ötürür, xalça toxuyanlar da belədir. Xalça toxuyanlar da öz düşüncələrini, duyğularını ortaya qoyaraq dövrün mənzərəsini, tarixini xalçalarda əks etdirirlər.

İstər zaman, istərsə də məkan dərinliyinə diqqət etsək görərik ki, qədim dövrlərdən bu günümüzə qədər gəlib çıxmış olan sehrli, nağıllı xalçaçılıq sənəti həmişə insanları düşündürdüyü kimi həm də onların gərəyi olmuşdur. İllər keçdikdə bu sənət növü daha da inkişaf etmiş, rəmzi naxışlarla zənginləşdirilmiş və muzeylərimizin bəzəyi olmuşdur.

Azərbaycan xalçalarında sənət tariximizin naxışlama mədəniyyəti, qədim yazı mədəniyyəti və ən başlıcası isə ümumən tariximiz yaşayır. Xalçaçılıq sənəti dekorativ-tətbiqi və təsviri sənət növlərinin sintezindən yarandığına görə bunları oxuyub anlamaq digər sənət növlərinə nisbətən daha çətindir. Çox mürəkkəb texnoloji proseslərdən keçərək ilmələrlə naxışlanan və nağıllaşan bu sehrli sənət mürəkkəb olduğu kimi, onun fəlsəfəsini də anlamaq çox mürəkkəbdir. Üzərində naxışlardan başqa heç bir söz yazılmayan, əsasən milli mədəniyyətimizdən, mifik yaddaşımızdan, klassik ədəbiyyatımızdan, əfsanələrimizdən xəbər verən xalçalarımız lal insana bənzəyir.

Xalçalarda naxışsalma əsas amillərdəndir. Buradakı naxışların hər biri öz formasına görə məqsədli məzmun daşıyır.

Xalça naxış-naxışdı,
Bu bulud, bu yağışdı,
Yeri güllü, baharlı
Köbəsi qarlı qışdı.

Xalçanın gülünə baxan,
İlmənin dilinə bax,
O yanda ərgacına
Bu yanda gülünə bax.

İstər semantik, istərsə də estetik baxımdan olursa-olsun, bu naxışlarda mütləq bir insan şüurunun fəlsəfəsi dayanır. Gözləri oxşayan rəng həlli, kompozisiya və proporsionallıq xalçaları daha maraqlı edir. Buna görə də xalçaçı sənətkarlar daim axtarışda olmuş və özlərinin çeşnilərini yaratmışlar.

Mütəxəssislər xalça naxışlarının qədim pikqtoqrafiya və ideoqrafiya nümunələri kimi qiymətli mənbə olduğunu və insanların dünyagörüşü barədə informasiya daşıdıqlarını vurğulayırlar. Belə hesab edilir ki, hər naxış elementi müəyyən bir söz, fikir ifadəçisidir. Lakin buna baxmayaraq, xalqın həyat tərzi və məişətində xüsusi rol oynayan bəzi xalçalarda təsvir edilən ornament motivləri əvvəllər müəyyən rəmzi məna kəsb etsə də, hazırda, sadəcə, sırf bəzək xarakteri daşımaqdadır.

Təsviri rəmzlərin, işarələrin semantik mənasına gəldikdə isə onlar əsasən zənginliyin, bolluğun, baharın, məhəbbətin, diriliyin, şərəfin, qələbənin, od-alovun, dini ayinlərin təcəssümüdür. Ən qədim dövrlərdə insanların vizit kartı rolunu məhz naxışlar, işarələr oynayırdı. Onlar ancaq gözəlliyə xidmət etmirdilər, eyni zamanda özününkülərin başa düşəcəyi gizli kod kimi də çıxış edirdilər. Ona görə də milli ornament hər bir xalqın bədii mədəniyyətinin yüzilliklər boyu yaşayan ən dözümlü elementidir.

***

Qeyd edək ki, xalçaçılıq sənətində bir ərazinin çeşnisi digərlərindən fərqlənmiş və müxtəlif qruplara bölünərək xalçalarda öz izlərini qoymuşdur. Azərbaycan xalçaçılıq sənəti həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng və texniki xüsusiyyətlərinə görə dörd əsas xalçaçılıq məktəbinə ayrılır. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz-Naxçıvan. Bu qruplara məxsus xalçalarda həmin ərazilərin tarixi çeşniləri həkk olunur ki, bunları özgələşdirmək olmaz.

Bu xalça Şirvan olar,
Naxışı rəvan olar,
Xalçanı toxuyanın,
Günü firavan olar.

Naxçıvanın alçası,
Döşənibdi xalçası,
Bir gözəl qız sevmişəm,
Qızılgülün qönçəsi.

Naxçıvan Dövlət Xalça Muzeyində qorunan xalçalar öz zərifliyi, orijinallığı və kompozisiya xüsusiyyətlərinə görə fərqlənirlər. Naxçıvanda toxunan xalçalara diqqət yetirsək, görərik ki, burada ən çox həndəsi naxışlar üstünlük təşkil edir. Bu xüsusiyyət qədim dövrlərdən Naxçıvan incəsənəti üçün xarakterik sayılır. Naxçıvanın Zili xalçalarının üzərində kvadrat naxışlar evin sahəsini, rombvarı naxışlar isə qadın və onun həyat yoluna bənzədilir. Xalçanın kənar hissələrində ana ilahəsi, mollabaşı adlanan təsvirlər var. Xalçalardakı maral təsvirləri cavanlıq, gənclik simvolu sayılır, qızılgüllər isə cənnət və sevgi rəmzi kimi qiymətləndirilir.

Naxçıvan xalçalarının özünəməxsus xüsusiyyətlərindən biri də qədim dövrlərdən tutmuş bu günədək odun, alovun, bir sözlə, müqəddəs ocağın rəmzi sayılan buta rəmzi mahiyyətli rəsmlərin təsviridir. Elmi araşdırmalarda qeyd olunur ki, buta rəmzinə çevrilmiş tovuzquşu uzaq keçmişdə türk tayfaları arasında günəş və od tanrısı sayılmışdır. Demək olar ki, Naxçıvan xalçalarında təsvir edilən buta tovuzquşu odu, alovu, ocağı təmsil edir.

Yarandığı yerdən, görkəmindən asılı olaraq, butanın çeşidləri çox olmuşdur: şabalıd buta, qıvrım buta, bala buta, evli buta, baba buta, lələk buta, küsülü buta, çiçəkli buta və s. Bu butaların hər biri Naxçıvan xalçalarına əsrarəngiz gözəllik gətirib. Bu cür rəmzi mahiyyətli xalça sənəti nümunələri Naxçıvan Dövlət Xalça Muzeyinin fondunda saxlanılır. Xalçalarda təsvir edilən butalar təkcə od, alov rəmzi olmamış, eyni zamanda bir ailənin, nəslin səadəti və gələcəyinin rəmzi olmuşdur.

Xalçanı buta bəzər,
Buta buluda bənzər,
Bu yandan qırqovula
O yandan oda bənzər.

Qeyd edək ki, göl xalçaçılıqda istifadə edilən naxış növüdür. Xalça və digər dekorativ sənət nümunələrində gölün uzunsov, dəyirmi, kvadrat, rombvarı formaları mövcuddur. Göl əsas element kimi kompozisiyanın mərkəzində yerləşir. Belə xalçalara “göllü”, “xonçalı”, “turuncu” xalçalar deyilir. Göl elementinin daxili hissəsini nəbati və həndəsi naxışlar, heyvan, quş, bəzən insan təsvirləri ilə bəzəyirlər. Göl ornamentinə Azərbaycanda “xonça” deyilir.

Kompozisiyası bir qayda olaraq, bir-birindən asılı olan Naxçıvan xalçaları iki ənənəvi ünsürdən – ara sahə (xalçanın ortası) və haşiyədən (xalçanın kənar bəzəkləri) ibarət olur. Bu, Naxçıvan xalçaları üçün xarakterik xüsusiyyətlərdəndir. Naxışlar isə xalçanın kompozisiyasını tamamlayır. Naxçıvan xalçaları ortasının və kənar naxışlarının kompozisiyası, rənglərin və ornamentlərin bir-birinə tənasübü ilə səciyyələnir.

Xalça sənətini Azərbaycanın əvəzedilməz və tükənməz sərvəti adlandıran xalçaçı rəssam Məmmədhüseyn Hüseynov hesab edir ki, mübarizələrlə dolu keçmişə malik bir xalq tarixini xalı-xalçalara toxuyaraq əsrlərdən-əsrlərə ötürüb yaşatmışdır. İbtidai halından tarixin bütün səhifələrində sanki iştirak edən xalça sənətimiz oxunması gərək olan, səhifələrinin sayı bilinməyən bir kitabəyə çevrilmişdir. Öz varlığını təbiətdən, insan zəkasından alan bu sənət zaman-zaman, pillə-pillə inkişaf edərək özünü xalq sənətində yaşadıb inkişaf etdirmişdir.

Bu gün dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı üçün əhəmiyyətli addımlar atılır. Ölkə başçısı tərəfindən 2005-ci ildə “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman imzalanıb. Fərmanda da əksini tapdığı kimi, xalça sənətinin Azərbaycanda inkişafına və onun xarici ölkələrdə təbliğinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. Özünün orijinallığı, bənzərsiz naxışları, insanı riqqətə gətirən rəng çalarları və kompozisiya zənginliyi ilə seçilən Naxçıvan xalçaları milli mədəniyyətimizin ululuğundan xəbər verir. Bu nümunələrdə həmçinin xalqımızın tarixi, onun düşüncə tərzi, adət-ənənəsi, məişəti barədə gələcək nəsillərdə aydın təsəvvürlər oyadır.

Zenfira Seyidova
Naxçıvan Dövlət Universitetinin müəllimi