Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Əlamətdar gün 1999-cu ildə Banqladeşin təşəbbüsü ilə UNESCO tərəfindən elan edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə qeyd olunan bu gün hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dilinin hər hansı bəhanə ilə qadağan olunması isə təməl insan haqlarından birini qəsb edən cinayətdir. Beynəlxalq Ana Dili Günü hər kəsi buna qarşı birləşməyə səsləyir.

UNESCO-nun saytında məlumat verilir ki, builki Beynəlxalq Ana Dili Günü “Çoxdilli öyrənmədə texnologiya: problemlər və imkanlar” mövzusuna həsr edilib. Bu mövzu altında çoxdilli təhsilin təşviqində və hamı üçün keyfiyyətli tədris və öyrənmənin inkişafına dəstəkdə texnologiyanın potensial rolu müzakirə olunacaq. UNESCO davamlı cəmiyyətlərin inkişafı üçün mədəni və linqvistik müxtəlifliyin qorunmasının vacibliyini qəbul edir. Sülh naminə mandatının bir hissəsi olaraq UNESCO tolerantlığı və başqalarına hörməti təşviq edən mədəni və dil fərqlərini qorumağa çalışır.

Dillər və çoxdillilik inklüziv yanaşmanı təmin etmək üçün vacib vasitədir. Ana dilinin öyrənilməsi və öyrədilməsi erkən yaşlardan başlamalıdır, çünki erkən uşaqlıqdan qayğı və tərbiyə təhsilin əsasını təşkil edir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri heç kimi geridə qoymamaq məqsədi daşıyır.

COVID-19 pandemiyası kontekstində təhsil sektorunun uğurlu bərpası təhsildə çoxdilliliyi və inklüziv yanaşmanı təmin etmək üçün bütün səviyyələrdə səylərin artırılmasını tələb edir. Bu çağırış, ilk növbədə, siyasətçilərə, pedaqoqlara, müəllimlərə və valideynlərə ünvanlanıb. Bu məqsədlər həm də çoxdilliliyi yerli xalqların inkişafının mərkəzinə qoyan Birləşmiş Millətlər Təşkilatının Yerli Dillərin Beynəlxalq Onilliyinin (2022-2032) hədəfləri ilə səsləşir.

Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin bu sahədə düşünülmüş siyasətinin nəticəsidir. Sovetlər dövründə, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi də Heydər Əliyevin tarixi xidmətlərindən biridir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni, özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafına, dilimizin qorunmasına diqqət və qayğısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı bunun təzahürüdür.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Mərkəz Azərbaycan dilinin mediada işlənməsi, bu xüsusda internet saytlarının fəaliyyəti ilə bağlı monitorinq apararaq hesabatlar hazırlayır.