Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Türkiyəyə səfəri gedişində Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un qərargahını ziyarət edib.

Qurumun Baş katibi Düsen Kaseinov ilə görüşdə ŞKTC və TÜRKSOY arasında əlaqələr, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Düsen Kaseinov Şimali Kiprin Türk dünyası üçün geosiyasi əhəmiyyəti ilə yanaşı, mədəniyyət və incəsənət baxımından da əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ersin Tatar isə TÜRKSOY-un fəaliyyətinin Kipr türkləri üçün xüsusi önəmini qeyd edib: “TÜRKSOY-un bizə açdığı qapı vasitəsilə Kipr türk xalqının mədəniyyəti, incəsənəti, musiqisi, ədəbiyyatı, adət-ənənələri dünyaya tanıdılır...”.

Ersin Tatar Şimali Kipr ilə TÜRKSOY-un əməkdaşlığı çərçivəsində həyata keçirilən fəaliyyətdən bəhs edərək deyib: “Bundan sonra da Kipr türk xalqının mədəniyyət və sənət adamlarının Türk dünyasının sayılıb-seçilən şəxsiyyətləri arasında anılması bizim üçün ilham mənbəyi olacaq. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan ŞKTC xalqı üçün eyni soydan gəlir, oxşar adət-ənənə, ortaq mədəniyyətə sahibik...”.

Görüşdən sonra Şimali Kipr rəhbərinə TÜRKSOY tərəfindən böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə təsis edilən “Nizami Gəncəvi” medalı təqdim olunub. Düsen Kaseinov TÜRKSOY-un ötən il nəşr etdirdiyi “Nizami Gəncəvini oxuyaq” bədii albomunu da Ersin Tatara təqdim edib.

Şimali Kipr Prezidenti TÜRKSOY-un Baş katibinə təşəkkür plaketi təqdim edib. 

Ersin Tatar həyat yoldaşı Sibel Tatar ilə birlikdə TÜRKSOY-un qərargahında Şimali Kipr rəssamlarının və fotoqraflarının sərgisi, Türk dünyasına aid mədəniyyət nümunələri ilə tanış olublar. Onlara təşkilatın fəaliyyəti, müxtəlif layihələri, o cümlədən görkəmli şəxsiyyətlərin xatirəsinə təsis etdiyi medallar barədə məlumat verilib.

Mehparə Sultanova
Ankara