Fevralın 21-dən martın 1-dək Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri keçiriləcək.

“Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində Yeni Tretyakov qalereyasında görkəmli fırça ustası, Azərbaycanın, Rusiyanın və keçmiş SSRİ-nin Xalq rəssamı Tahir Salahovun “Tretyakov qalereyası kolleksiyasından əsərlər” (“Произведения из коллекции Третьяковской галереи”) sərgisi açılacaq.

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda isə “Azərbaycan xalçası – yeni baxış” (“Азербайджанский ковер – новый взгляд”) sərgisinin açılışı olacaq. Həmçinin “Azərbaycan” pavilyonunda Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında “Dildən-dilə” (“Из уст в уста”) ədəbiyyat layihəsi təqdim ediləcək.

Fevralın 22-də axşam “Qelikon-opera” Musiqili Teatrında “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” (“Музыкальные звезды Азербайджана на московской сцене”) adlı qala-konsert olacaq. Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçiriləcək konsertdə Ceyla Seyidova (skripka), Dinara Əliyeva (vokal), Elçin Əzizov (vokal), Elvin Qəniyev (skripka), Murad Adıgözəlzadə (fortepiano), Sahib Paşazadə (tar), Şəhriyar İmanov (tar), Yusif Eyvazov (vokal) Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim edəcək.