M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Zalında fevralın 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunan konsert keçirilib.

Konsertdə Nigar Məmmədovanın müşayiəti ilə “Simurq” kamera orkestri (bədii rəhbər və dirijor – Üzeyir Məmmədov) çıxış edib.

Orqan və kamera musiqisi axşamında Bakıda ilk dəfə V.A.Mosartın kilsə sonataları, həmçinin solo orqanda İ.S Baxın "Tokkata və fuga" d moll, Xoral d moll, Xoral Es dur, F.Mendelsonun “Sonata N.3”, Gordon Youngun klassik üslubunda prelüdü, Hans Andre Stammın "Rondo alla Latina" əsərləri səslənib. “Simurq” orkestri tərəfindən aranjimanı Üzeyir Məmmədova aid olan Ü.Hacıbəylinin "Arazbarı", Q.Qarayevin "Yeddi gözəl" baletindən "Gözəllər gözəli" və Tahirə Yaqubovanın işləməsində himn ifa olunub.

Konsert tamaşaçıların alqışları ilə başa çatıb.