Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələrə dair təqdimatlarla davam edir.

Layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə ilk təqdimat Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə həsr olunub.

Qeyd edək ki, 1982-ci il yanvarın 14-də sovet Azərbaycanına rəhbərlik edən ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olub. Ulu öndərin tapşırığı ilə həmin ilin 29 iyul – 3 avqust tarixlərində qədim mədəniyyət mərkəzimizdə ilk dəfə Vaqif Poeziya Günləri də keçirilmişdi.

Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın ərazidə dahi şairin məzarı üstündə inşa edilib. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası zamanı ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınıb, Azərbaycanın qülləvarı türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdi. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu.

1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 2021-ci il yanvarın 14-də, məqbərənin açıldığı gündən düz 39 il sonra Şuşa şəhərinə gələn Prezident İlham Əliyevin tapşırığına əsasən, məqbərədə təmir-bərpa və yenidənqurma işlərinə start verildi.

2021-ci il avqustun 29-da Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı keçirilib. Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Abidənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, elektrik xətləri çəkilib, yağış suları üçün drenaj xətləri  quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.