Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzaladığı sərəncama uyğun olaraq, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyənin müxtəlif şəhərlərində tədbirlər keçirilir.

Fevralın 16-də Osmaniyə Korkut Ata Universitetində Azərbaycanın Türkiyədəki Səfirliyi ilə birlikdə “Xocalı soyqırımının otuzuncu ildönümündə və Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda konfrans keçirilib. Osmaniyə Korkut Ata Universitetinin professor, müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Osmaniyə Korkut Ata Universitetinin rektoru Turqay Uzun Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin dinamikasının bütün dünya üçün nümunəvi olduğunu ifadə edərək bildirib ki, dara düşəndə də, xoş günlərdə də bir yerdə olan xalqlarımız Xocalı soyqırımının acısını əbədiyyətə qədər birlikdə yaşayacaqlar.

Xocalı soyqırımını erməni faşizminin ən amansız cinayəti olduğunu ifadə edən Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi Elxan Zeynalov bildirib ki, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər soyqırımının dünya miqyasında siyasi-hüquqi qiymət verilməsi baxımından mütəşəkkil fəaliyyət istiqamətidir.

Kahramanmaraş Sütçü İmam Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mərziyə Məmmədli, qədim Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması, ermənilərin bu bölgəyə köçürülməsi, saxta “böyük Ermənistan” ideologiyası əsasında erməni toplumuna “türk düşmənçiliyi” fikrinin aşılanması, Ermənistanın Azərbaycana qarşı əsasız şəkildə qaldırdığı ərazi iddiası, Xocalı soyqırımı və s. barədə ətraflı məlumat verərək 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan rəşadətli Qələbədən danışıb.

***

Hatay Mustafa Kamal Universitetində də Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar anım mərasimi düzənlənib.

Mərasimdə Hatay Mustafa Kamal Universitetinin rektoru professor Hasan Kaya və Türk Dünyası Araşdırmaları Cəmiyyətinin sədri Batuhan Akpınar çıxış ediblər. Rektor bildirib ki, ermənilərin törətdiyi Xocalı soyqırımı XX əsrdə insanlığın üz qarasıdır.

Sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Azərbaycan səfirliyinin birinci katibi Elxan Zeynalov, ehtiyatda olan general Yücel Karauz və dosent Əsma Özdaşlı Xocalı soyqırımı barədə müfəssəl məlumat veriblər.

Çıxışına Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadəsi ilə başlayan Elxan Zeynalov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən bəhs edib.

Dosent Əsma Özdaşlının çıxışı Ermənistan dövlətinin yaradılması, ermənilərin bu bölgəyə köçürülməsi, süni məskunlaşdırmanın siyasi məqsədləri, Xocalı soyqırımının acı nəticələrini əhatə edib.

Ülkü Ocaqları Hatay vilayət təşkilatının sədri Alihan Döner Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu ifadə edərək, Xocalı soyqırımını törədən vandalların heç zaman bağışlanmayacağını bildirib.

***

Xocalı soyqırımının 30-cu ildönümü Adana Çukurova Universitetində də anılıb.

Universitetin rektoru doktor Məryəm Tuncel, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov və təhsil müşaviri Nəcibə Nəsibovanın çıxışları dinlənilib.

Xocalı soyqırımının XX əsrdə insanlıq əleyhinə törədilən ən ağır cinayət olduğunu deyən rektor Məryəm Tuncel bildirib ki, böyük Qarabağ Zəfəri bizim üçün az da olsa təsəlli ola bilər, lakin bu bəşəri cinayəti unutmamalı və unutdurmamalıyıq.

Elxan Zeynalov terror dövlət olan Ermənistanın ağır cinayətlərinin ifşası, Vətən müharibəsində qazanılan Qələbədən sonrakı proseslərdən bəhs edib.

Nəcibə Nəsibova “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə dövlətinin və xalqının İkinci Qarabağ müharibəsində sərgilədiyi qətiyyətli mövqedən danışıb.

Qısa bədii proqramdan sonra çıxış edən professor Əmrullah Məmmədov erməni terror təşkilatlarının yaranması, inkişaf istiqamətləri, türk diplomatlarına qarşı törədilən terror aktları, XX əsrdə erməni vandallarının Azərbaycana qarşı həyata keçirdikləri cinayətlərdən söz açıb.

Tədbirdə Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Sonda Çukurova Universitetində təhsil alan yerli və xarici tələbələr “Xocalıya ədalət!” çağırışı ediblər.

Mehparə Sultanova
Ankara