İsveçin “Cawamediya” xəbər saytında “Tur Heyerdal və Odinin ovu – Qobustan, Azərbaycan” başlıqlı məqalə dərc olunub. Yazıda səyahət həvəskarlarına Qobustandakı qaya rəsmləri ilə tanış olmaq tövsiyə edilir.

Müəllif yazır ki, norveçli tədqiqatçı və səyyah Tur Heyerdal həmişə mənim səyahət qəhrəmanım olub, ona görə də onun Azərbaycana, xüsusən də Qobustana müntəzəm səfəri məndə maraq doğururdu.

Məqalədə Bakıdan bir qədər cənub-qərbdə yerləşən Qobustandakı qayaüstü rəsmlərin eramızdan 10 min il əvvələ aid olduğu qeyd edilir. Vurğulanır ki, bu, insanlıq tarixi üçün əhəmiyyətə malik qaya rəsmləridir.

Bildirilir ki, Qobustanda tapılan qaya rəsmləri Skandinaviyada tapılan rəsmlərə bənzədiyi üçün bu yerlər məşhur səyyah Tur Heyerdalın marağına səbəb olub. O, qaya üzərində olan təsvirlərdə günəşin təsvirinə əsaslanaraq, buradakı insanların o zaman şimala səyahət etdiyini və skandinaviyalıların əslində hazırda Azərbaycan adlanan ərazidən gəlməsi fərziyyəsi ilə çıxış edib.

“Heyerdal Azərbaycanın inkişaf etmiş qədim sivilizasiyanın vətəni olduğunu düşünürdü. O hesab edirdi ki, burada yaşamış insanlar yük heyvanlarından istifadə edərək şimala səyahət edib. O, bütün bu nəzəriyyələri XIII əsrdə qələmə alınmış və qədim Skandinaviya mifologiyasına əsaslanan “Ynglinqa Saqa”ya əsaslanaraq Odin tanrısının şimala Aşer adlı torpaqdan – Azərbaycandan gəldiyi qənaətində idi...”, – deyə yazıda qeyd olunur.

Müəllifin sözlərinə görə, bu və digər faktlar Qobustanı ziyarət etmək üçün yaxşı səbəbdir.