Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Milli musiqi sənətinin görkəmli nümayəndəsi, ustad xanəndə, Xalq artisti, Prezident təqaüdçüsü Əlibaba Məmmədov fevralın 25-də, 92 yaşında dünyasını dəyişib.

Əlibaba Balaəhməd oğlu Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində doğulub.

Ustad xanəndə milli muğam sənətinin inkişafına dəyərli töhfələr verib. Onun məharətlə ifa etdiyi “Rast”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam-dəsgahlarının səsyazıları Azərbaycan Televiziyası və Radiosunun fondunda saxlanılır.

Əlibaba Məmmədov həmçinin yüzədək mahnı və təsnif bəstələyib. Bu nümunələr sənətkarın öz ifasında böyük tamaşaçı rəğbəti qazanmaqla bərabər, bir çox xanəndələrin repertuarında mühüm yer tutur.

Əlibaba Məmmədov 1963-cü ildə respublikanın "Əməkdar artisti", 1989-cu ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikasının “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun vəfat etməsi ilə bağlı başsağlığı verib.

Birinci vitse-prezidentin rəsmi “İnstagram” səhifəsində edilən paylaşımda deyilir:

"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun bəstələdiyi gözəl mahnılar məharətlə ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".

Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət rəsmiləri, mədəniyyət xadimləri adından rəsmi nekroloq da yayılıb.

***

Xalq artisti Əlibaba Məmmədov fevralın 26-da Bakıda, I Fəxri xiyabanda dəfn edilib.

Dəfn mərasimində Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva adından əklil qoyulub.

Mədəniyyət naziri Anar Kərimov Əlibaba Məmmədovun yaradıcılığından və muğam sənətinə töhfələrindən söz açıb.

Tanınmış sənətçilər Əlibaba Məmmədovla bağlı ürək sözlərini bölüşüblər.

Qeyd edilib ki, sənətkarın işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin.