“Moskva Bəyannaməsi”nin  dörd bəndi mədəniyyətlə bağlıdır

 

Fevralın 22-də Moskvada iki ölkənin prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin 43 bəndindən 4-ü mədəniyyətlə bağlıdır.

İki ölkə arasında mədəni əməkdaşlığın önəmi sənədin preambula hissəsində də qeyd olunub və tərəflərin bəyannaməni “Rusiya və Azərbaycan və iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə arxalanaraq”, eləcə də “iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasının vacibliyini dərk edərək”  imzaladığı vurğulanır.

Bəyannamənin 40-cı bəndində deyilir: “Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etmək, Tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər. Bununla əlaqədar olaraq, Tərəflər milli qanunvericilik çərçivəsində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacaqlar”.

Növbəti bənd bu sahədə əlaqələrin təşviqi barədədir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası mədəniyyət və incəsənət, təhsil, elm, turizm və idman sahələrində qarşılıqlı əlaqələri dərinləşdirməyə, ictimai və gənclər təşkilatları, tədris təşkilatları və təhsil müəssisələri, innovasiya mərkəzləri, kütləvi informasiya vasitələri arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin qurulmasına yardım etməyə davam edəcəklər”.

42-ci bənddə deyilir: “Tərəflərdən hər biri öz ərazisində digər Tərəfin humanitar, elmi-texniki, mədəni və informasiya əlaqələrinin inkişafına yönəlmiş, o cümlədən də ikitərəfli sazişlər əsasında və milli qanunvericilik çərçivəsində informasiya-mədəniyyət mərkəzləri vasitəsilə fəaliyyətini dəstəkləyəcəkdir”.

Bəyannamənin son bəndi mədəniyyətin müxtəlif sahələrində tədbirlərin təşviqi barədədir: “Tərəflər konsert-qastrol fəaliyyəti, kitabxana və muzey işi, kinematoqrafiya və mədəniyyət üzrə təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də irimiqyaslı mədəni maarifləndirmə tədbirlərinin keçirilməsini təşviq edəcəklər”.

Bəyannamədə həmçinin beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi kommunikasiya vasitələri sahəsində (34-cü bənd) və iki ölkənin regionları arasında mədəni əlaqələri də əhatə edən əməkdaşlıqdan (35-cü bənd) bəhs olunur.