Fevralın 25-də Beynəlxalq Muğam Mərkəzində Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, ölkəmizdə akkreditə olunmuş xarici diplomatlar iştirak ediblər.

Konfransda çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib ki, otuz il əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı ən ağır cinayətlərdən biri – Xocalı soyqırımı törədilib. Bir gecədə 613 mülki şəxs qəddarlıqla qətlə yetirilib. Bunun yeganə səbəbi onların azərbaycanlı olması idi. Bu, Ermənistan tərəfindən aparılan irqçi siyasətin bariz nümunəsi idi. Cinayətin araşdırılması zamanı bunun soyqırımı olduğu tam sübuta yetirilib.

Nazir Xocalı soyqırımına görə cəzasız qalan Ermənistanın 2020-ci ilin 44 günlük müharibəsində də insanlıq əleyhinə cinayətləri davam etdirdiyini, Azərbaycanın mülki şəhərlərinə raket zərbələri endirdiyini diqqətə çatdırıb.

Konfransa videoformatla qoşulan britaniyalı hüquqşünas, professor Malkolm Şou (Malcolm Shaw) Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məhkəmə perspektivlərindən danışıb: “Xocalı soyqırımı yaddan çıxmamalıdır. Azərbaycan dövləti də bu istiqamətdə iş aparır. Bu faciəni həqiqətən də bütün beynəlxalq normaların pozuntusu olan qətliam adlandırmaq olar...”.

Onun sözlərinə görə, belə hadisələrin təkrarlanmaması üçün bu cinayətlərin bütün günahkarlarının cəzalandırılması çox vacibdir.

Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, Xocalıda törədilən qırğın tək Azərbaycanın faciəsi deyil, ümumilikdə bəşəriyyətin ləyaqətinin alçaldılması idi: “Bu, bütövlükdə beynəlxalq ictimaiyyətin faciəsidir...”.

Xocalı qətliamı yaşanarkən 7 yaşında olmuş Ləfxanım Mahmudova ailə üzvlərinin başına gələn faciələrdən, girovluqda yaşadıqları əzablardan danışıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində düşməndən Xocalının da qisası alındı.

Tədbirdə Xocalı soyqırımı qurbanları və şəhidlərin xatirəsinə ithaf olunan musiqi proqramı təqdim olunub.