Ölkəmizin Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) “Xocalı soyqırımında ölən insanlıq” adlı anım tədbiri keçirib.

Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, media nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə AMM-in həyətində Xocalı faciəsi, Qarabağ münaqişəsi ilə bağlı fotoşəkillərdən ibarət sərgi ilə tanış olub, mərkəzdəki “Şəhidlər bağı”na əklil və çiçək dəstələri düzüblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı birləşmələri sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini mühasirəyə alıblar. O zaman Qırmızı Xaç Komitəsi və başqa beynəlxalq təşkilatlar vasitəsilə razılıq əldə edilmişdi ki, dinc əhalinin şəhərdən çıxması üçün dəhliz açılsın. Lakin ermənilər dinc əhaliyə bu dəhlizdən istifadə etməyə imkan vermədilər. Erməni silahlıları soyuqqanlılıqla qocaları, qadınları, uşaqları xüsusi amansızlıqla qətlə yetirdilər.

Diplomat deyib ki, 57 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan edib. Hazırda dünyanın 17 ölkəsi və Amerika Birləşmiş Ştatlarının 24 ştatı Xocalı soyqırımını tanıyıb.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri, professor Erkin Nuriddinov ermənilərin işğalçılıq siyasətinin təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükə olduğunu qeyd edib.

Sonra mərasim iştirakçıları Daşkənddəki Heydər Əliyev parkında Xocalı qurbanlarının xatirəsinə ağac əkiblər.