Qarabağ müharibəsi mövzusunda çəkilən "Açar" bədii filmi “Go Short” Beynəlxalq Film Festivalının əsas proqramına salınıb. Niderlandda keçirilən festival Avropanın qısametrajlı filmlər üzrə nüfuzlu kino müsabiqələrindən biridir.
Fransa, İtaliya, Almaniya, İngiltərə, İspaniya, Portuqaliya, Belçika, İsveçrə və s. ölkələrdən filmlərin təqdim olunacağı festival 1-20 aprel tarixində onlayn formatda, 1-10 apreldə isə ənənəvi qaydada keçiriləcək.
Festivalda ölkəmizi təmsil edəcək “Açar” filmi işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev, təsvir rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.
Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.