İki çarter reysi, bir qatar, avtobuslar...


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi martın 1-də Ukraynadakı vəziyyətlə bağlı bu ölkə ərazisində daimi və müvəqqəti yaşayan, səfərdə olan Azərbaycan vətəndaşlarının qonşu ölkələrə keçidi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukraynadakı Azərbaycan vətəndaşlarının qonşu ölkələrdən Moldova, Polşa, Slovakiya, Macarıstan və Rumıniya ərazisinə keçidi davam edir.

Sözügedən dövlətlərlə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, COVİD-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb edilmir.

Məlumata görə, Ukraynada hərbi əməliyyatların başlanmasından (24 fevral) 1 mart tarixinədək quru yolla Moldovaya 950, Polşaya 447, Macarıstana 17, Rumıniyaya 200, Slovakiyaya isə 13 vətəndaşımız daxil olub.

Vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkəni tərk edərək Rumıniya ərazisinə Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün təşkil olunan ikinci çarter reysi üzrə 176 sərnişin AZAL-ın təyyarəsi ilə martın 1-də səhərə yaxın Bakıya gətirilib.

Martın 1-də 650-yə qədər Azərbaycan vətəndaşı Xarkovdan qatarla Polşa sərhədinə yola salınıb.

Martın 2-də Odessadan 200-ə yaxın azərbaycanlının təxliyəsi nəzərdə tutulur. Bu barədə Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib. O bildirib ki, təxliyə üçün 300-ə yaxın azərbaycanlı müraciət edib, əlavə avtobusların ayrılması üçün də çalışırıq.

Ukraynanın müvafiq dövlət qurumları Azərbaycan vətəndaşlarının Kiyevdən təxliyəsi üçün 1200 nəfərlik qatar ayrılmasına qərar verib. Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov (Kəsəmən) bildirib ki, qatar martın 2-də Kiyevdən Moldova sərhədinə yola düşməlidir.