Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edib.

Müsabiqənin məqsədi müasir cəmiyyətdə kataklizmlərin, ilk növbədə, qadın talelərində əks olunduğunu, sosial və iqtisadi problemlərin daha çox qadınlara zərbə vurduğunu, Qarabağ savaşının gətirdiyi bəlaların dəf edilməsi və şanlı Qələbəmizin əldə edilməsində Azərbaycan qadınının rolunu, müstəqillik illərində parlaq qadın kino obrazlarının azlığını nəzərə alaraq, kinematoqrafiyamızda müasir qadın qəhrəmanlarının yaradılmasını təşviq edilməsindən ibarətdir.

Müsabiqəyə təqdim edilən ssenarilərdə müasir Azərbaycan qadınının bütün çalarları ilə dolğun obrazının yaradılması, Şərq və Qərbin qovuşuğunda yaşamanın özəlliklərinin, habelə gender ayrı-seçkiliyi fəsadlarının kino dili ilə ifadəsi arzuolunandır.

Müsabiqəyə iştirak üçün qısametrajlı (52 dəqiqədən çox olmamaqla) bədii film ssenariləri (çap olunmuş variantda 2 nüsxə, şrift Courier New, ölçü 12) qəbul olunur. Müəllif haqqında məlumat (əlaqə telefonu və e-mail ünvanı) da əlavə edilməlidir. Ssenariləri elektron versiyada info@aki.az ünvanına da (“ssenari müsabiqəsi” qeydi ilə) göndərmək olar.

Ssenarinin çap nüsxələri mayın 15-dək Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir. Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus, orijinal və ekranlaşdırılmamış olmalıdır.

Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcək. Qalib ssenarilər istehsalı məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə təqdim ediləcək.

Əlavə məlumat üçün (012)5059533 nömrəsinə zəng vurmaq, info@aki.az elektron poçtuna yazaraq cavab almaq olar.