“QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi idarə heyətinin üzvü, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycanın Milli Komitəsinin və İCOMAM (İCOM-un hərbi muzeylər və silah kolleksiyaları üzrə ixtisaslaşmış komitəsi) İdarə heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Sankt-Peterburq şəhərində Dövlət Ermitajının və Rusiya Federasiyası Prezidenti yanında Heraldika Şurasının təşkilatçılığı ilə keçirilən hibrid konfransda (18-20 fevral) əyani olaraq iştirak edib.

İmperator I Pyotr tərəfindən Heroldmeyster kontorunun yaradılmasının 300 illiyinə və Rusiya Federasiyasında heraldika xidmətinin bərpasının 30 illiyinə həsr olunmuş konfransda P.Gözəlovun “1919-1922-ci illərin inqilab bayraqlarında İslam və sovet simvolları” mövzusunda məruzəsi dinlənilib. Konfransa qatılan 48 məruzəçi sırasında Pərvin Gözəlov xarici ölkədən dəvət olunan yeganə iştirakçı olub.

Tədbirin açılışında Dövlət Ermitajının baş direktoru Mixail Piotrovski onlayn olaraq iştirakçıları salamlayıb və konfransın işində uğurlar arzulayıb. RF dövlət heroldmeysteri Georgi Vilinbaxov konfrans iştirakçılarına Prezident Vladimir Putinin və Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin təbrik məktublarını oxuyub.

Konfransda heraldika sahəsində dövlət siyasətinin konsepsiyası, bu sahədə hüquqi məsələlər və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

P.Gözəlov məruzəsində 1919-1922-ci illərdə keçmiş Rusiya imperiyası ərazisində gedən inqilabi proseslər və sovetləşmə dövründə istifadə edilən bayraqlardan bəhs edərkən onların üzərində xalqların dini mənsubluğunu və dövlət quruluşunun atributlarını təcəssüm etdirən rəmzlərdən (aypara, beşguşəli ulduz) də ətraflı söhbət açıb. Məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Konfrans çərçivəsində iştirakçılar B.N.Yeltsin adına Prezident Kitabxanasına ekskursiya ediblər.

P.Gözəlov Sankt-Peterburqda Artilleriya, mühəndis və rabitə qoşunları Hərbi Tarix Muzeyinin direktoru V.M.Krılovla görüşüb. Xatırladaq ki, azərbaycanlı alim tərəfindən 2015-ci ildə bu muzeyin fondunda XIX əsrdə çar Rusiyasının ilhaq etdiyi Azərbaycan xanlıqlarından Naxçıvan xanlığına məxsus dövlət və döyüş bayraqları aşkar edilib.