Milli Xalça Muzeyində Bakıda doğulmuş israilli rəssamın sərgisi
Azərbaycan Milli Xalça Muzeyində Bakıda doğulub boya-başa çatmış israilli rəssam Rami Meirin “Bir xalqın tarixi – bütün dünya üçün” adlı sərgisi açılıb.
Martın 1-də sərginin açılış mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirdi ki, Bakıda anadan olan Rami Meir uzun illərdir xaricdə yaşayır, uğurlu yaradıcılıq fəaliyyəti ilə məşğuldur. Lakin o, doğma yurdu Azərbaycanı sevir və yaradıcılığında tərənnüm edir.
Qeyd edildi ki, əslən dağ yəhudisi olan rəssamın ölkəmizdə ilk fərdi sərgisi keçirilir. Ekspozisiyada Rami Meirin yaradıcılıq universallığını əks etdirən “Dağ yəhudiləri” silsiləsi üzrə 30-dan artıq tablo, metal üzərində döymə texnikasında panno, ağac üzərində oyma nümunələri, dekorativ sikkələr yer alıb. Rəssamın “Qırmızı qəsəbədən Quba xalçaçıları” adlı rəngkarlıq əsəri əsasında xüsusi olaraq bu sərgi üçün toxunmuş xalça nümayiş olunur. Çoxfiqurlu portret-xalça Rami Meir və “Azərxalça” ASC-nin birgə layihəsi çərçivəsində Bakıda hazırlanıb.
Direktor diqqətə çatdırdı ki, ekspozisiyada həmçinin rəssamın kolleksiyasından köhnə açıqcalar, XIX-XX əsrlərə aid dekorativ-tətbiqi sənət əsərləri – dini əşyalar, zərgərlik məmulatları, silahlar, mis qablar, milli geyim elementləri təqdim olunur. Sərgidəki bütün eksponatları bir mövzu birləşdirir – bu, özünəməxsus mədəniyyətə malik dağ yəhudilərinin tarixi və adət-ənənələridir.
“Azərxalça” ASC-nin istehsalat üzrə direktoru Əlisəfa Nuriyev çıxışında rəssamın “Qırmızı qəsəbədən Quba xalçaçıları” əsəri əsasında toxunan xalça haqqında fikirlərini bölüşdü. Bildirdi ki, əsərdə azərbaycanlı və yəhudi ruhu bir vəhdətdə görünür. Rami Meirin bu ideyası xalqlar arasında bir körpü yaradır.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva dedi ki, Sami Meirin yaradıcılığı onun Azərbaycana olan münasibətinin göstəricisidir. Azərbaycan tarix boyu multikultural bir dövlət kimi heç bir xalq arasında fərq qoymayıb. Azərbaycan və yəhudi xalqlarını hər zaman dərin tellər birləşdirib. 44 günlük Vətən müharibəsində də bu birliyin şahidi olduq.
İsrail səfirliyinin əməkdaşı Mark İfraimov bildirdi ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan mədəniyyətinin nümunələridir. Çünki Azərbaycan çoxmillətli ölkədir.
Sərginin kuratoru Mariya Filatova isə Rami Meirlə tanışlığından danışdı. Bildirdi ki, 1980-ci illərdə o, Bakıda Rami Meirlə bir küçədə yaşayıb. Onun özünəməxsus dəst-xətti var.
Xalça Muzeyində ona yer ayırdıqları üçün təşəkkürünü ifadə edən Rami Meir dedi: “Bu ekspozisiya mənim üçün çox vacibdir. Çünki mən burada təkcə şəxsi kolleksiyamı deyil, həm də dağ yəhudilərinin mədəniyyətini təqdim edirəm. Mənə göstərdiyi səmimi münasibətə görə Azərbaycan xalqına minnətdaram. Dağ yəhudiləri məhz Azərbaycanda sülh şəraitində yaşamaq, əkinçilik, sənətkarlıq və ticarətlə məşğul olmaq imkanı əldə ediblər. Xalqımız Qubanı ana yurdu adlandırır”.
Rəssam təəssüratlarını bizimlə də bölüşdü: “Vətəndə olmağıma görə çox xoşbəxt və sevincliyəm. Bu mənim doğma Bakıda təşkil olunan ilk fərdi sərgimdir. Azərbaycan Milli Xalça Muzeyinə heyranam, onun kolleksiyası böyük diqqətə layiqdir. Muzeyin eksponatları ilə tanış oldum və onlar məndə böyük təəssürat yaratdı. Sərgilənən əsərlər vasitəsilə mən xalqımın, ailəmin, dağ yəhudilərinin tarixini təqdim etmək istədim. Bu sərgi tematikdir. Mən Bakıda anadan olmuşam, 1990-cı ildə İsrailə köçmüşəm. Tablom əsasında hazırlanan xalça ilə bağlı onu demək istərdim ki, gələcəkdə bu xalça ABŞ, Fransa və digər ölkələrdə keçiriləcək sərgilərdə nümayiş etdirilsə, maraqlı olardı”.
Azərbaycan Milli Xalça Muzeyinin 55-ci yubiley ilinə təsadüf edən “Bir xalqın tarixi – bütün dünya üçün” sərgisi aprelin 1-dək davam edəcək.
Lalə Azəri