Lənkəran şəhər Mədəniyyət Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində tədbir keçirilib.  Layihə “Yayım Assosiasiyası” İctimai Birliyi tərəfindən həyata keçirilir.

Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru, yazıçı Hafiz Mirzə keçirilən görüşün əhəmiyyətindən və kitabxanaların üzərinə düşən vəzifələrdən bəhs edib.

“Yayım Assosiasiyası” İctimai Birliyinin sədri Yaşar Zeynalov layihənin mahiyyətindən danışaraq oxucularla yazarların görüşlərinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri, yazıçı Qafar Cəfərov layihədə məmnuniyyətlə iştirak edəcəyini bildirib: “İstəyirik ki, oxucularımız, gənc nəsil müəlliflərimizin əsərlərini daha çox mütaliə etsinlər. Kitab oxuyan insanın danışıq dili təmiz olur, fikirlərini aydın ifadə edə bilir, intellekti yüksək olur...”.

Daha sonra çıxış edən şair və yazıçılardan Ağamir Cavad, Xatirə Xatun, Ziyafət Yəhya, İdrak Dadaşov, yazıçı-publisist Ağaddin Babayev, Kənarmeşə kitabxana-klubunun direktoru Ofelya Əliyeva, rayon Mədəniyyət Mərkəzinin kitabxana-oxu sektorunun müdiri Habil Əliyev qəsəbə və kəndlərdə mütəmadi olaraq belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.