Təşkilatın ekspertləri azad olunmuş ərazilərdə qiymətləndirmə missiyasında iştirak edəcəklər

 

Martın 2-də BMT-Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunmuş fotosərginin açılış mərasimi keçirilib. BMT-nin Azərbaycandakı Ofisinin binası yaxınlığında açıq havada (BMT-nin 50 illiyi küçəsi) xüsusi banerlərdə əlaqələrin inkişaf tarixini əks etdirən 100-dək foto nümayiş olunur.

Tədbirdə çıxış edən BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib ki, 30 il bundan əvvəl, 1992-ci il martın 2-də Azərbaycan BMT-nin üzvlüyünə qəbul olunub: “Azərbaycan bu 30 il ərzində çox böyük nailiyyətlər qazanıb və BMT-nin təsbit olunmuş gündəliyinə hər zaman əməl edib”.

Vladanka Andreyeva diqqətə çatdırıb ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi bu gündən birillik kampaniyaya start verir. 30 illik əməkdaşlığımızın ildönümü günündə burada 100-dək foto nümayiş etdirilir. Bu fotolarda tərəflər arasında sadiqlik, bir-birinə hörmətlə yanaşma, səmərəli əməkdaşlıq əksini tapıb.

BMT-nin nümayəndəsi qurumun koronavirus pandemiyasından sonra və postmünaqişə dövründə bərpa məsələlərində Azərbaycana dəstəyini davam etdirəcəyini bildirib. Qeyd olunub ki, Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində yüksək səviyyəli dialoqun keçirilməsi planlaşdırılır. Dialoq çərçivəsində pandemiyadan sonrakı və postmünaqişə dövründə əməkdaşlıq müzakirə olunacaq. Tədbirlər çərçivəsində xeyriyyə yarmarkası da təşkil ediləcək.

Rezident əlaqələndirici bildirib ki, bu ay BMT, Dünya Bankı və Avropa İttifaqı ekspertlərinin yer aldığı qiymətləndirmə missiyası Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcək. V.Andreyevanın sözlərinə görə, martın 7-dən 17-dək Azərbaycanda olacaq heyət hökumətlə birlikdə azad olunmuş ərazilərdə qiymətləndirmə aparacaq. Məqsəd bu ərazilərin yenidən bərpası və minalardan təmizlənməsinə dair ən yaxşı planın nədən olduğunu öyrənməkdir.

Azərbaycanın BMT Nizamnaməsinə və gündəliyinə sadiqliyini hər zaman nümayiş etdirdiyini vurğulayan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Deyib ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib.

Ölkəmiz qlobal səviyyəli məsələlərə daim önəm və diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın yubileyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda koronavirus pandemiyasının törətdiyi çətinliklərdən danışıb, dövlətimizin başçısı vaksinlərin ədalətsiz bölgüsü məsələsinə toxunub. Ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi öz fəaliyyətini uğurla davam etdirir. Məhz Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə peyvənd millətçiliyinə qarşı BMT-də qətnamə qəbul edilib.

Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin çağırışlarına hörmətlə yanaşdığını vurğulayan nazir müavini BMT-nin ixtisaslaşmış qurumlarının işğaldan azad olunan ərazilərdə aparılan işlərdə iştirak edəcəklərini bildirib.