Əməkdar rəssam, tanınmış heykəltəraş Albert Mustafayev martın 4-də, ömrünün 91-ci ilində vəfat edib.
Albert Zaman oğlu Mustafayev 26 yanvar 1931-ci ildə Şəkidə doğulub. Orta məktəbi əvvəlcə Şəkidə oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar təhsilini paytaxtda davam etdirib.
Təsviri sənətə olan marağı onu Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə gətirib. Bu təhsil ocağını bitirdikdən sonra 1956–1960-cı illərdə SSRİ Rəssamlıq Akademiyası nəzdində Leninqrad (Sankt-Peterburq) Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub.
1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun Təsviri sənət kafedrasında assistent və müəllim kimi fəaliyyət göstərib. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılandan sonra bu təhsil ocağının Təsviri incəsənət kafedrasında baş müəllim, dosent və professor olub.
Albert Mustafayev Bakıda və bölgələrdə bir sıra diqqətəlayiq heykəltəraşlıq nümunələri yaradıb. Sənətkar Bakıda “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Nizami Kino Mərkəzinin baş fasadındakı Nizami Gəncəvi, vaxtilə Şuşada, Molla Pənah Vaqifin məqbərəsində qoyulmuş Vaqifin heykəlinin müəllifidir. O, həmçinin fotoqraf kimi də fəaliyyət göstərib, ötən əsrin 60–70-ci illərində görkəmli sənətkarlarımızı fotokameranın yaddaşına köçürüb.
Heykəltəraş 1982-ci ildə respublikanın "Əməkdar rəssam"ı fəxri adına layiq görülüb. 26 yanvar 2021-ci il tarixdə heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Ötən il sənətkarın 90 illik yubileyi münasibətilə həyat və yaradıcılıq yolundan bəhs edən “Susan insanın heykəlləri” adlı sənədli film çəkilib.
Allah rəhmət eləsin.