“Yaradıcı insan üçün 60 yaş azdır. Çünki yenə də səhnədə, filmdə oynamaq istəyirsən...”

 

Yaxşı yadımdadır, 1999-cu ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi Bakı şəhərinə qastrola getmişdi. Nəriman Həsənzadənin “Atabəylər” əsərini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində oynadıq. Çox yaxşı qarşılandı. Tamaşadan sonra Akademik Teatrın aktyorları səhnəyə çıxıb heyəti gözəl oyun münasibətilə təbrik etdilər. Həmin vaxt Xalq artisti Nurəddin Mehdixanlı bizimlə görüşdə bir ifadə işlətdi: “Əgər Naxçıvan teatrının aktyorları qaranlıq səhnədə oynayarlarsa, mən Rza Xudiyevi yerişindən tanıyaram”. Rza Xudiyev həmin tamaşada Toğrul bəy obrazını canlandırmışdı...

Martın 5-də Xalq artisti, Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru Rza Xudiyevin 60 yaşı tamam olur. Yubilyar sənətkarımıza bu münasibətlə ən xoş arzularımızı çatdıraraq, ömür və sənət yoluna onun özü ilə birgə nəzər saldıq.
İlk olaraq həyat yolu haqqında məlumat verməsini xahiş etdim.

– 5 mart 1962-ci ildə Culfa şəhərində, dəmiryolçu ailəsində doğulmuşam. 1969–1979-cu illərdə Culfa şəhər 38 №-li dəmiryol orta məktəbində oxumuşam. Məktəb illərindən incəsənətə, xüsusən teatr və kino sahəsinə böyük marağım və həvəsim olub. Hələ yeniyetmə yaşlarımdan bu həvəsim müəllimlərimin də diqqətini çəkmişdi. Ona görə də məktəbin daxili radio qovşağında aparıcı olardım. Bəlkə də mənə olan bu diqqət sənət yolumu da müəyyənləşdirdi. Bundan başqa, ictimai işlərdə də fəal idim. Orta məktəbdə oxuduğum illərdə Novruz şənliklərində Keçəl olardım. C.Cabbarlının 70 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə “1905-ci ildə” əsərində Allahverdi obrazını oynadım. Yaxşı da qarşılandı. Bütün bunlardan sonra qəti qərara gəldim ki, aktyor olacağam.


– Təbii ki, arzunuzun arxasınca getdiniz...

– 1979-cu ildə orta məktəbi bitirdikdən sonra sənədlərimi Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru ixtisasına verdim. Bilirsiniz də, həmin instituta imtahanlar iki mərhələdə verilirdi. Müxtəlif fənlərdən və qabiliyyətini göstərmək üçün müsabiqədən keçmək lazım idi. Yazılı, şifahi imtahanları uğurla verdim. Amma müsabiqədən keçə bilmədim. Çünki yaxşı hazırlaşmadım. Orta məktəbi bitirib imtahana getmişdim. Sən demə, bunun üçün xüsusi hazırlaşmaq lazım imiş. Sonra Culfaya qayıtdım. Düzü, bir qədər pərt olmuşdum. Amma düşünürdüm ki, yox, mütləq aktyor olacağam. Həmin il Culfa şəhərinin yaxınlığındakı ərazidə “Babək” filmi çəkilirdi. Mən də oradakı kütləvi səhnələrdə iştirak etməklə sənət yanğımı söndürdüm.
Bir il istehsalatda çalışdıqdan sonra hərbi xidmətə yollandım.


– Rza müəllim, adətən hərbi xidmətdən sonra bəzən gənclər gələcəklə bağlı yolunu, sənət istiqamətini dəyişirlər...

– Məndə belə olmadı. Elə bil tale özü məcbur edirdi ki, mütləq incəsənət adamı olmalısan. Maraqlıdır ki, hərbi xidmət yoldaşım indi səhnədə çiyin-çiyinə çalışdığım Əməkdar artist Behruz Haqverdiyev olub. O, Xalq artisti Əyyub Haqverdiyevin oğlu idi. Hərbi xidmətə gələnə qədər Naxçıvan teatrında bir neçə rolda oynamışdı. Hətta ona həsədlə baxırdım ki, teatrda işləyib, səhnədə çıxış edib... Bu, məni daha da həvəsləndirirdi. Hərbi xidməti başa vurdum. Bir il Culfa Lokomativ Deposunda elektrik çilingəri kimi işlədim. Çünki növbəti imtahanlara qədər vaxt vardı. 1983-cü ildə yenidən sənədlərimi İncəsənət İnstitutuna təqdim etdim. Mehdi Məmmədov, Əşrəf Quliyev, Həsən Turabov kimi sənətkarların qarşısında imtahan verdim. Onları görəndə qəribə hisslər keçirirdim. Təsəvvürə gətirin ki, səhnədə, ekranda gördüyün sənətkarlarla həyatda üz-üzə söhbət edirsən. Müvəffəqiyyətlə instituta qəbul olundum. Həm də uzun illər həsrətində olduğum dram və kino aktyorluğu ixtisasına.


– İnstitutda hansı sənətkarlardan dərs aldınız?

– Təhsilə başladığım ilk günlərdən çalışırdım ki, aktyorluq sənətinin bütün incəliklərinə yiyələnim. Bunun üçün öz üzərimdə dayanmadan çalışır, əsl aktyor olmağın yollarını axtarırdım. Çünki ən böyük arzuma və hədəfimə çatmışdım. Mehdi Məmmədov, Nəsir Sadıqzadə, Zəminə Hacıyeva, Ənvər Əbluc, Hamlet Xanızadə və digər sənət adamlarından dərs aldım.


– Tələbə vaxtınızda da indiki kimi aydın diksiyanız vardı?

– Təvazökarlıqdan uzaq olsa da, bəli, var idi. Bu da müəllimlərimin diqqətini çəkmişdi. Hələ o zaman tələbə-aktyor kimi uğurlarım olmuşdu. 1985-ci ildə tələbələr arasında keçirilən “C.Məmmədquluzadənin əsərlərinin bədii qiraəti” müsabiqəsində 2-ci yeri tutdum. Mirzağa Əliyevin dövlət səviyyəsində keçirilən 100 illik yubileyində mənə tələbə kimi etimad göstərildi. O tədbirdə M.Əliyevin oynadığı rollardan birini mənə tapşırdılar. Təhsil müddətində tələbə kimi bir neçə tamaşada oynamışdım. Bundan başqa, tələbə-rejissorlar hazırladıqları kurs və diplom tamaşalarında məmnuniyyətlə mənə əsas rolları həvalə edirdilər.


– Deyəsən, ilk dəfə kinoya da elə tələbə ikən çəkilmisiniz...

– Bəli, bilirsiniz ki, kinoda çəkilmək bəlkə də əksər aktyorun ən böyük arzusudur. Hələ ola tələbə vaxtı. İkinci kursda oxuyarkən bu, mənə qismət oldu. 1985-ci ildə “Azərbaycanfilm”in çəkdiyi general Həzi Aslanovun həyatından bəhs edən “Mən sizi dünyalar qədər sevirdim” filmində baş qəhrəmanın qardaşı Hacı rolunda çəkildim. Bu, kinoda ilk addımım idi. Tələbə-aktyor kimi çox böyük uğurum oldu.


– Kino fəaliyyətiniz bununla bitdimi?

– Xeyr, oxuduğum 4 il ərzində müxtəlif səpkili əsərlərdə rollar oynadım. Bizə kino sənətindən dərs deyən müəllimim, kinorejissor Tofiq İsmayılov sən demə, məni diqqətdə saxlayırmış. 1987-ci ildə ekranlaşdırdığı “Sürəyya” filmində Seyfəddin roluna məni dəvət etdi. Bu artıq kinoda ikinci rolum idi. Amma bu filmin Belarusda və Azərbaycanda çəkilişləri bitdikdən sonra təyinatla məni Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərdilər. Naxçıvan teatrında aktyor kimi fəaliyyətə başladığım ilk gündən rejissorlar Vəli Babayev, Vaqif Əsədov və Əliqismət Lalayevin diqqətini çəkdim. Hazırlanan tamaşalarda bir-birinin ardınca əsas və baş rollarda çıxış elədim. Deyəsən, qısa müddətdə tamaşaçıların rəğbətini qazana bilmişdim.
1990-cı ildə yenidən yolum kinodan düşdü. Kinorejissor Hüseyn Mehdiyevin öz ssenarisi əsasında lentə aldığı “Şahid qız” filmində Orxanı – baş rolu canlandırdım.


– Bəs Naxçıvan teatrında hansı rolları oynadınız?

– Naxçıvan səhnəsində Vədad bəy (“Dodaqdan qəlbə” – R.N.Güntəkin), Ebin (“Qarağaclar altında məhəbbət” – Y.O′ Nil), Nadir şah, Təhmas şah (“Nadir şah” – N.Nərimanov), Qənbər (“Anamın kitabı” – C.Məmmədquluzadə), Toğrul bəy, Çar Uruz (“Atabəylər”, “Pompeyin Qafqaza yürüşü” – N.Həsənzadə), Fərhad (“Fərhad və Şirin” – S.Vurğun), Səyavuş, Arif, İblis, Şeyx Sənan (“Səyavuş”, “İblis”, “Şeyx Sənan” – H.Cavid), Heydər Əliyev (“Qurtuluş dastanı” – İftixar Piriyev), Molla Abbas (“Dəli yığıncağı” - C.Məmmədquluzadə), Teymur ağa (“Lənkəran xanının vəziri” – M.F.Axundzadə), Sərvər (“O olmasın, bu olsun” – Ü.Hacıbəyli), Əmir Teymur (“Əlincə qalası” – H.Arzulu) – ümumilikdə 80-dən çox xarakter səviyyəsinə yüksələn rollarda çıxış etmişəm.


– Rza müəllim, teatr və kino fəaliyyəti ilə kifayətləndinizmi?

– Xeyr, Naxçıvana qayıtdığım ilk vaxtlardan televiziya və radioda da fəaliyyət göstərmişəm. Çünki bu da yaradıcılıqdır. Amma fərqli bir sahədir. İlk illərdə Naxçıvan Televiziya və Radiosunun hazırladığı bir sıra tamaşa və bədii verilişlərdə iştirak etdim. Hətta 2001-ci ildə oranın əməkdaşı kimi bədii verilişlər də hazırladım. Deyim ki, uğurlu da alındı.

Rol aldığım tamaşalarla ölkəmizin bölgələrində, o cümlədən Türkiyə və İranın müxtəlif şəhərlərində qastrol səfərlərində olmuşam. Tehranda keçirilən “Azərbaycan mədəniyyəti günləri”ndə ölkəmizi, Türkmənistanın paytaxtı Aşqabadda təşkil olunan “Naxçıvan mədəniyyəti günləri”ndə isə muxtar respublikamızı təmsil etmişəm.

Bu gün geriyə baxanda özümdən sonra sənət aləmində bir izimin olduğunu görürəm. Bunu həm də sənət dostlarım, tamaşaçılarım deyirlər. Çəkdiyim zəhmətə həmişə dövlət tərəfindən yüksək qiymət verilib. 2000-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti”, 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2008-ci ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülmüşəm. Bundan əlavə, dəfələrlə Prezident mükafatı almışam. 2007-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl dərviş" mükafatına layiq görülmüşəm. Eyni zamanda uzun illərdir bir sıra dövlət tədbirlərinin aparıcısı oluram.


– Bir yaradıcı insan üçün 60 yaş ömrün hansı vədəsidir?

– Yaradıcı insan üçün bu yaş azdır. Çünki yenə də səhnədə, filmdə oynamaq istəyirsən. Oynamadığın və arzusunda olduğun obrazlar var. Amma bir insan kimi bu yaş Tanrının verdiyi çox böyük nemətdir. Düşünürəm, bu günə qədər ömrümü mənalı yaşamışam. Geri qayıtmaq imkanı verilsəydi, yenə belə yaşayardım. Sənətdə və həyatda həmişə üzüm ağ, alnım açıq olub. Bu da uzun zaman yaddaşlarda qalmaq üçün əsas şərtdir.

Söhbətləşdi: Səməd Canbaxşiyev
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti