Martın 4-də Beynəlxalq Muğam Mərkəzinin (BMM) dəstəyi və təşkilatçılığı, AMEA-nın Folklor İnstitutu və “Dünya Musiqisinin İncisi – Muğam” İctimai Birliyinin iştirakı ilə Vətən müharibəsi iştirakçıları üçün “Novruz gəlir, yaz gəlir” adlı konsert proqramı təqdim olundu.

Konsert proqramında Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbəri olduğu “Dədə Qorqud” folklor ansamblının müşayiəti ilə bəstəkar və xalq mahnıları səsləndi.

Bahar ovqatlı proqramda Nuriyyə Hüseynova, Çilənay Hüseynova, Solmaz Kosayeva, Həlimət Sultanın ifaları tədbirə qatılan qonaqlar və qazilər tərəfindən alqışlarla qarşılandı.

Qeyd edək ki, BMM fəaliyyətində həmçinin bir sıra qurum və təşkilatlarla imzaladığı qarşılıqlı memorandum əsasında layihələr həyata keçirir. Bu layihələr Azərbaycan musiqi sənətinin təbliğ və tədqiqi ilə yanaşı eyni zamanda gənc nəslin maarifləndirilməsi, vətənpərvərlik ruhunun təbliğinə yönəldilib.

Lalə Azəri