Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, 7 mart 2022-ci il tarixinədək Azərbaycana 3138 nəfər təxliyə olunub.

Məlumatda bildirilib ki, çarter reysləri vasitəsilə gətirilənlər 1908 nəfər, quru yolu ilə təxliyə olunanlar isə 1263 nəfər təşkil edir: Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 10 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib. Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edir.

Ukraynadan təxliyə edilən 1711 Azərbaycan vətəndaşı Türkiyəyə daxil olub. Bunu isə martın 7-də Türkiyə Daxili İşlər Nazirliyinin sözçüsü İsmayıl Çataklı deyib. Sözçü bildirib ki, bu istiqamətdə fasiləsiz olaraq fəaliyyət davam edir.

Bu arada Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell bəyan edib ki, Aİ Ukraynadan 5 milyon qaçqını qəbul etməyə hazır olmalıdır. Onun sözlərinə görə, Aİ qaçqınları qəbul etmək üçün sadəcə humanitar yardımlarla kifayətlənməməli, Ukrayna ilə həmsərhəd Aİ ölkələrini dəstəkləmək üçün öz resurslarını səfərbər etməlidir.

Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Ukraynada müharibənin başlanmasından (24 fevral) ötən 10 gün ərzində ölkəni 1,5 milyon nəfər tərk edərək qonşu ölkələrə keçib. Bu, İkinci Dünya müharibəsindən sonra Avropada ən sürətlə böyüyən qaçqın böhranıdır.