5-6 mart tarixində Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında V Etnoidman Forumu keçirilib.

Qeyd edək ki, 2016-cı ildən Dünya Etnoidman Konfederasiyası İstanbulda Etnoidman Mədəniyyəti Festivalı təşkil edir. Ənənəvi idman növləri üzrə təşkil olunan festivalda müxtəlif ölkələr mədəni irsini, ənənələrini nümayiş etdirmək imkanı qazanırlar.

Dünya Etnoidman Konfederasiyası tərəfindən ötən illərdə müxtəlif ölkələrdə keçirilən forumun ev sahibi kimi bu dəfə Bakı seçilib.

V Etnoidman Forumuna Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif, Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, digər rəsmilər, diplomatlar – 14 ölkədən ümumilikdə 140 nümayəndə qatılıb.

Mərasimdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tədbirin Bakıda keçirilməsinə görə Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğana təşəkkür edib. Nazir Azərbaycanın irimiqyaslı tədbirlərə ev sahibliyi ilə bağlı zəngin təcrübəsi olduğunu deyib. Bildirib ki, 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının proqramına ənənəvi idman növümüz olan zorxana da daxil edilmişdi.

Azərbaycansa milli idman növü olan çövkən üzrə yarışlar, o cümlədən beynəlxalq turnirlər təşkil edilir. 2019-cu ildə Gədəbəydə Dünya Etnoidman Konfederasiyasının dəstəyi ilə Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə Milli Yaylaq Festivalı keçirilib.

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan qədim tarixə malik Azərbaycanda belə bir forumun keçirilməsindən məmnunluğunu bildirib. Gənc nəsil arasında milli idman oyunlarının təbliğinin vacibliyini vurğulayan B.Ərdoğan deyib: “Forumda ənənəvi idman növlərinin keçmişini və gələcəyini müzakirə edəcəyik. Bir çox ölkə və millətin nümayəndələrini bu mövzu ilə bağlı bir araya gətirmək böyük uğurdur. İnsanların birləşməsi üçün hörmət, həmrəylik, sülhün bərqərar olması xüsusi əhəmiyyət kəsb edir. Dünya Etnoidman Konfederasiyası öz işini məhz bu dəyərlər üzərində qurub. Ümidvaram ki, bu forum müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynayacaq...”.

Bilal Ərdoğan bildirib ki, Azərbaycanda 2019-cu ildə ilk dəfə gerçəkləşən Milli Yaylaq Festivalını yenidən keçirə bilərik. Bənzər bir festivalı Bakıda da keçirməyi planlaşdırırıq. Çövkən oyunun dünya çapında tanınması üçün addımlar atılmalıdır. Çünki milli mədəniyyətimizi dünyaya tanıtmağımız həm də ölkəmizi tanıtmağımız deməkdir.

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif BMT-nin Dünya Etnoidman Konfederasiyası ilə əməkdaşlığa böyük önəm verdiyini və bu işbirliyindən məmnun olduğunu bildirib: “BMT-nin Məskunlaşma Proqramı olaraq inklüziv, davamlı, təhlükəsiz, dayanıqlı şəhərlərin yaradılması və icmaların qurulmasının tərəfdarıyıq. Bütün xalqlar, millətlər milli idman növlərini yaşatmaq haqqına sahibdirlər. Çünki bütün ənənəvi milli idman növləri dünyanın zənginliyidir...”.

Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev etnoidman növlərinin kütləviliyinin artırılmasının müxtəlif xalqlar arasında münasibətlərin inkişafı, dostluq əlaqələrinin və əməkdaşlığın dərinləşdirilməsi baxımından önəmini xüsusi vurğulayıb. B.Amreyev bu forumun, eləcə də etnoidmanın türkdilli dövlətlər və xalqlar arasında da qardaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini deyib.

Forumda etnoidman idman növlərinin yayılması və şaxələndirilməsi üçün ideyalar, oyun mükafatları və idmançıların motivasiyasının yaxşılaşdırılması, eləcə də etnoidmanın təbliği məsələləri müzakirə olunub.

Martın 5-də V Beynəlxalq Etnosport Forumu çərçivəsində “Etnoidman beynəlxalq tərəfdaşlığın qurulması və genişləndirilməsi üçün vasitə kimi” mövzusunda nazirlər paneli də keçirilib. Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın moderatorluğu ilə keçirilən iclasda Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Nigerin gənclər və idman naziri Sekou Doro Adamou, Meksikanın Milli Bədən Tərbiyəsi və İdman Komissiyasının (CONADE) baş direktoru Ana Qabriela Guevara Espinoza, Qambiyanın gənclər və idman naziri Bakary Badjie çıxış ediblər.

Martın 6-da Forumun bağlanış mərasimində Dünya Etnoidman Konfederasiyasının IV ənənəvi idman mükafatları da təqdim olunub.

Mərasimdə etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Etnoidman Konfederasiyasının “Liderlik Mükafatı” ilə təltif olunduğu bildirilib. Xatırladaq ki, mükafat martın 5-də Bilal Ərdoğan tərəfindən Prezident İlham Əliyevə təqdim edilmişdi.

İspaniyalı professor Pere Leveqa Burques alimlərin dəstəklənməsi, argentinalı Bautista Risso böyüklər, seneqallı Ngor Niakh gənclər arasında ən yaxşı ənənəvi idman oyunçusu, Türkiyənin “TRT Spor Yıldız” telekanalı ən yaxşı təşkilat, “Ziraat Bankı” beynəlxalq sponsor, Rusiya Federasiyası Tatarıstan Respublikasının Beynəlxalq Kəmər Güləş Koreş Federasiyası isə ənənəvi idman növləri təşkilatı nominasiyalarında təltif olunublar.