Martın 6-da Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın “Baxış-2” teatr festivalının açılışı olub.

ATXİ-nin sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək festival haqqında məlumat verib, ikinci dəfə reallasan layihənin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, martın 9-dək davam edəcək festivalda ATXİ-nin “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın beş və digər laboratoriyaların üç tamaşası göstəriləcək.

Qeyd edək ki, ATXİ-nin “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın bədii rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Festivalın açılış mərasimimdən sonra Benkrt Alforsun “İllüziyaçılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. Tərcüməsi Zümrüd Quliyevaya məxsus əsərə Müşfiq Əliyev quruluş verib. Tamaşada rolları Kərəm Hadızadə, Zümrüd Quliyeva və Əməkdar artist Elnur Hüseynov canlandırıblar.

Baxış-2” festivalının tamaşaları Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına səhnəsində nümayiş etdirilir.

10 mart – Milli Teatr Günündə festival tamaşalarının mükafatlandırma mərasimi təşkil olunacaq.