Gəncə Dövlət Dram Teatrında 10 mart – Milli Teatr Günü premyera ilə qeyd olunub. Teatrın yeni binasında “Cavad Xan” tarixi dramının ilk tamaşası olub.

Səhnə əsərinə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, digər rəsmilər, idarə, müəssisə, təşkilat rəhbərləri, mədəniyyət işçiləri və şəhər sakinləri tamaşa ediblər.

Tamaşadan əvvəl rəsmilər Gəncə Dövlət Dram Teatrının yeni binasına baxış keçiriblər. Qeyd edilib ki, 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan və 2022-ci ilin 30 yanvarında dövlət başçısı tərəfindən açılışı keçirilən yeni binada 478 yerlik böyük tamaşaçı zalı, 22 yerlik tamaşaçı lojalar və 120 yerlik kiçik tamaşaçı zalı var. Yeddimərtəbəli binada, həmçinin iki zaldan, 135 eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb.

Sonra “Cavad Xan” tarixi dramı nümayiş olunub. Əsərin müəllifi yazıçı Nüşabə Əsəd Məmmədlidir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı Mirzə Mehdi, musiqi tərtibatı Sevda Əliyeva, rejissor assistenti Nişanə Qurbanovadır.

Baş rolda Əməkdar artist Elxan Yunis çıxış edir. Tamaşada həmçinin Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Ramiz Vəliyev, Novruz Cəfərov, Salamulla İsmayılov, aktyorlar Yusif Cəfərov, Samir Abbasov, Murad Meyfəliyev, Şahmar Məmmədov, Ruslan Hüseynov, Günay Cabbarova, Sevinc Hüseynova, Mətləb Təhmazi, Emil Salmanov, Elmir Məmmədov, Zəminə Cəfərova, Şükufə Salmanova, Həsən Cəfərov, Hüseyn Cəfərov, Seymur Məmmədov, Nailə Əhmədova, Zaur Əhmədov, Orxan Mirzəyev, Samir Rzayev, Mirheydər Seyidov, Akif Səfərov, Murad Nazim və Rizvan Quliyev çıxış edirlər.

Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tamaşadan sonra icra başçısı Niyazi Bayramov səhnə arxasında teatrın kollektivi ilə görüşüb. İcra başçısı yaradıcı heyətə yeni uğurlar arzulayıb.

Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı kollektiv adından dövlət başçısına yeni, müasir teatr binasına görə minnətdarlığını bildirib, bundan sonra teatrsevərlərin qarşısına rəngarəng repertuarla çıxacaqlarını deyib.