10 mart – Azərbaycan peşəkar milli teatrının yaranması günü “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində də qeyd edilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri Şahin Seyidzadə idarənin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrının kollektivi ilə görüşüb.

İdarənin mətbuat xidmətindən bildirilib ki, Şahin Seyidzadə Milli Teatr Günü münasibətilə Bakı Marionet Teatrının simasında bütün sənət adamlarını təbrik edib. Vurğulanıb ki, 149 yaşını qeyd edən Azərbaycan peşəkar teatr sənəti zəngin tarixi yol keçib. Teatr sənəti hər birimizin həyatında mühüm rol oynayan “mədəni institut”dur.

Ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətə, teatr sahəsinə, o cümlədən Bakı Marionet Teatrına diqqət və qayğısını vurğulayan Ş. Seyidzadə 2013-cü ildən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən teatrın uğurlu fəaliyyətini qeyd edib, kollektivə yeni nailiyyətlər arzulayıb

Sonda Bakı Marionet Teatrının direktoru Tərlan Qorçu və yaradıcı heyətinin üzvləri – Hikmət Hüseynov, Nazim Hüseynov, Həsən Yaqubov, Əli Allahverdiyev, Aysel Bədəlova və Fərizə Babayevaya fəxri fərmanlar və hədiyyələr təqdim olunub.