İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Qurbanəli Purmərcan Tehranda keçirilən 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalında iştirak etmiş Azərbaycan Dövlət Akademik Musiqili Teatrının heyəti ilə görüşüb.

Görüşdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, teatrın beynəlxalq layihələr üzrə koordinatoru Rəcəb Məmmədov, Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, aktyorlar Gülcahan Salamova, Gülnarə Abdullayeva, Səmədzadə Xasiyev və teatrın quruluşçu rejissoru Samir Qulamov iştirak ediblər.

Qurbanəli Purmərcan "Fəcr" festivalında uğurlu iştirakına görə teatr kollektivini təbrik edib, xoş arzularını bildirib. O, iki ölkə arasında mədəni əlaqələrin vacibliyindən danışaraq, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin bu əlaqələrin inkişafına yeni töhfələr verəcəyinə əmin olduğunu deyib.

Əliqismət Lalayev teatrın ünvanına söylədiyi xoş sözlər üçün Qurbanəli Purmərcana təşəkkür edib, Musiqili Teatrın İrana səfərinin böyük əhəmiyyət daşıdığını, həmçinin qarşılıqlı əlaqələrin hər iki tərəf üçün faydalı olduğunu diqqətə çatdırıb. O, Tehranda Azərbaycan teatrına, mədəniyyətinə göstərilən diqqət və maraqdan məmnun qaldığını söyləyib, eyni zamanda, ötən festivalların yaddaqalan anlarından danışıb.

Görüş zamanı yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra təkliflər səsləndirilib, iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub.

Teatrın “Fəcr” festivalında nümayiş olunan "Bir nəfəs qədər" (əsərin müəllifi və rejissoru – Samir Qulamov) musiqili dramı və “Utancaq qız” (F.Dostoyevskinin eyniadlı povesti, quruluş – Xalq artisti Cənnət Səlimova) monotamaşa haqqında da söhbət açılıb.

Festivalın yüksək səviyyədə təşkil olunduğunu bildirən Ə.Lalayev gələcəkdə Təbrizdə, Urmiyada, Ərdəbildə də sənətsevərləri Azərbaycan teatrının nümunələri ilə tanış etmək arzusunda olduqlarını deyib.

Əməkdar artist Şövqi Hüseynov iştirakçısı olduğu monotamaşanın Tehranda rəğbətlə qarşılandığını, ümumiyyətlə, səfərdən xoş təəssüratla qayıtdığını söyləyib.