Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mərkəzi yaradılacaq. Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovun universitetin yeni rektoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin (ÖADC) sədri Abduqaffor Qırğızboyev ilə görüşündə söhbət açılıb.

Rektor Azərbaycanın dahi şairinin adını daşıyan universitetin fəaliyyəti, qazanılan nailiyyətlər haqqında danışıb. Ali məktəbində 23 minə yaxın tələbənin təhsil aldığı, ÖADC-nin AMM ilə əməkdaşlığı sayəsində çoxsaylı tədbir və layihələrin reallaşdığı bildirilib.

Samir Abbasov Abduqaffor Qırğızboyevi universitetin rektoru təyin olunması və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri seçilməsi münasibətilə təbrik edib, bu ali məktəbin hər bir azərbaycanlı üçün əziz olduğunu və dostluq əlaqələrimizin genişləndirilməsi yolunda əhəmiyyətini vurğulayıb.

AMM-nin fəaliyyətindən də bəhs edən S.Abbasov universitetdə Azərbaycan Mərkəzinin yaradılması, Azərbaycan universitetləri ilə əməkdaşlıq, müəllim və tələbə mübadiləsi, birgə layihələrin reallaşdırılması, Nizami Gəncəvi irsi ilə bağlı konfrans və müsabiqələrin keçirilməsi barədə təkliflərlə çıxış edib. O, hər il Azərbaycanda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu haqqında da məlumat verib və özbək nizamişünaslarının bu tədbirdə iştirak etdiklərini vurğulayıb.

2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” olduğunu, 2022-ci ilin isə Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyi münasibəti ilə “Şuşa İli” elan edildiyini diqqətə çatdıran S.Abbasov Şuşa haqqında jurnalı, habelə AMM-nin layihəsi əsasında Nizami Gəncəvinin özbək dilinə çap olunmuş “Xəmsə”sini rektora hədiyyə edib.

Görüşdə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov da iştirak edib.