Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı daşınmaz tarix-mədəniyyət abidələrinin müəyyən olunması, dövlət qeydiyyatına alınması, qorunması, istifadəsi və idarə olunması mövzularında əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə Türkiyədə səfərdə olublar.

15-17 mart tarixlərində Ankarada Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni Sərvətlər və Muzeylər Baş İdarəsi tərəfindən təşkil edilən mübadilə proqramında Dövlət Xidmətinin Hüquq sektorunun müdiri Pərvanə Əliyeva, “Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC-nin direktoru Rəşad Hacıyev, Dövlət Xidmətinin baş məsləhətçiləri Seyran Quliyev, Fidan İmaməliyeva, böyük məsləhətçisi Elşən Məhərrəmov iştirak ediblər.

Nümayəndə heyəti ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Mədəni Sərvətlər və Muzeylər Baş İdarəsinin müdir müavini Seyit Ahmet Arslan arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında müvafiq sahə üzrə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Heyət üzvlər Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə, işğaldan azad edilmiş ərazilərdəki abidələrin ermənilər tərəfindən dağıdılması, hazırda bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa işləri haqqında təqdimatla çıxış ediblər.

Təcrübə mübadiləsi çərçivəsində daşınmaz mədəni irsin bərpa-konservasiyası, müvafiq sahə üzrə laboratoriyanın fəaliyyəti, arxeoloji qazıntılar və onlara nəzarət, abidələrin aşkar edilməsi və qeydiyyatı, inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi, qanunvericilik və digər məsələləri əhatə edən görüşlər keçirilib.