Qədim Bursa “paytaxt” missiyasını qala-şəhərimizə təhvil verəcək
Xəbər verdiyimiz kimi, Türkiyənin Bursa şəhəri bu günlər türk ellərini bir araya gətirib. TÜRKSOY tərəfindən 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilən şəhərdə bu münasibətlə silsilə törənlər təşkil edilib. Martın 30-da Bursada “2022: Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin rəsmi açılışı olub. Martın 31-də isə TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının fövqəladə toplantısı keçirilib. Tədbirlərdə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib.
Martın 31-də, həmçinin Bursada Azərbaycan üçün çox əlamətdar bir qərar qəbul olunub. TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurası Şuşa şəhərini 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edib.
Xatırladaq ki, Türkiyənin ən qədim şəhərlərindən biri, Osmanlının ilk paytaxtı olmuş Bursa bu missiyanı 2021-ci ilin sonunda Özbəkistanın Xivə şəhərindən qəbul etmişdi, bu ilin sonunda isə estafeti Azərbaycan mədəniyyətinin beşiyi olan qala-şəhər Şuşaya təhvil verəcək.
“Bursa-2022: Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin açılışı proqramı martın 30-da səhər saatlarında Osmanqazi və Orhanqazi türbələrinin ziyarət olunması ilə başlayıb. Sonra Türk dünyasının dörd bir yanından gələn nümayəndə heyətlərinin iştirakı ilə yürüş keçirilib. Onları yolboyu türk milli musiqisinin sədaları altında milli geyimdə olan oğlan və qızlar müşayiət ediblər. Yürüşdə Azərbaycandan rəqs qrupu da iştirak edib.
İştirakçılar şəhərin mərkəzi küçələrindən keçərək “Bursa-2022: Türk Dünyasının Mədəniyyət Paytaxtı” koordinasiya mərkəzinin yerləşdiyi meydana gəliblər. Koordinasiya mərkəzi Bursanın tarixi tikililərindən olan Uzunçarşıda fəaliyyət göstərəcək.
Şəhərin mərkəzi meydanında təşkil olunan mərasimdə yerli rəqs qrupu çıxış edib.
Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş iştirakçıları salamlayaraq belə tədbirlərin türkdilli xalqların mədəni irsinin təbliği, qardaş xalqlar arasında mədəniyyət, incəsənət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Bələdiyyə başqanı çıxışında Bursanın 2023-cü ildə estafeti Azərbaycanın Şuşa şəhərinə verəcəyini də açıqlayıb.
Sonra Novruz bayramının atributlarından olan tonqal qalanıb. Nümayəndə heyətlərinin rəhbərləri tonqal üzərindən atlanıblar, türk xalqlarının qədim ənənəsi – birlik və bərabərliyi simvolizə edən dəmirdöymə ayinini icra ediblər.
Sonra Bursada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun türk dövlətlərini təmsil edən heyət və Türk dünyası təşkilatlarının rəhbərləri ilə görüşü keçirilib.
***
Martın 30-da axşam Bursanın ən böyük qapalı arenası – Nilufer İdman Salonunda “2022: Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin təntənəli açılış mərasimi olub.
Mərasimdə TÜRKSOY-da təmsil olunan ölkələrin nümayəndə heyətləri, həmçinin Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə açılış nitqi söyləyən Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş qonaqları salamlayıb. O, TÜRKSOY Daimi Şurasının ötən il Özbəkistanın Xivə şəhərində keçirilən iclasında Bursanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsində rolu olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoya, eləcə də əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
“Bu gün köklü tarixi, zəngin mədəniyyəti olan Bursa üçün anlamlı bir gündür. Bu şəhər bir cahan dövləti – Osmanlının qurulduğu torpaqdır. Qədim tarixi ilə fərqli mədəniyyətlərin görüşdüyü Türkiyənin dördüncü böyük şəhəri Bursamızın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olmasının haqlı qürurunu yaşayırıq. Eyni zamanda bu şərəfli missiyanı daşımağın məsuliyyətini də anlayırıq” – deyən A.Aktaş il boyunca keçiriləcək maraqlı tədbirlər haqqında da iştirakçılara məlumat verib.
Qeyd edək ki, bu il Bursada 4-cü Dünya Köçəri Oyunları, 2-ci “Dədə Qorqud” Türk Dünyası Film Festivalı, 5-ci Türk Dünyası Əcdadlar İdman Festivalı, 3-cü Bursa Kitab Sərgisi kimi irimiqyaslı tədbirlər keçiriləcək.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov isə öz çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib, “Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Baş katib TÜRKSOY-un fəaliyyətinə dəstək verən bütün qurumlara öz minnətdarlığını bildirib.
Bursa Valisi Yakub Canpolat qonaqları 2500 illik tarixi ilə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” şərəfinə nail olan Bursada görməkdən dərin məmnuniyyət duyduğunu dilə gətirib: “İnanıram ki, UNESCO-nun Dünya İrsi Siyahısında yer alan Bursa bu missiyanın da öhdəsindən uğurla gələcək. Bursa Türk dünyasının tarixini, sultanları, xaqanları bağrında gələcəyə daşıyan torpaqdır. Bursa Bakı, Astana, Bişkek, Daşkənd, Aşqabaddır. Ən əsası, 2022-ci ildə Türk dünyasının qəlbinin döyünəcəyi şəhərdir...”.
Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev də çıxışında “Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsinə toxunaraq, onun həm də Türk dünyasının tanıdılması adına önəmli bir təşəbbüs olduğunu diqqətə çatdırıb: “Mədəniyyət önəmli sahədir. Çünki türk xalqları tarixən mədəniyyət təməlində bir araya gəlmişdir. Bu mənada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY quruldu. Bizim qardaş ölkələrdən gələn heyətlərlə Novruzu qeyd etməyimiz də təqdirəlayiqdir...”.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Osmanlının ilk paytaxtı Bursada qonaqlarla bir arada olmaqdan qürur duyduğunu bildirib: “Baharın başladığı, torpağın oyandığı Bursada “Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin açılışı həm də dostluq, qardaşlıq, ortaq dəyərlərimizə sahib çıxmanın nümunəsidir. Bursa sahib olduğu tarixi və təbii gözəlliyi ilə, zəngin mədəniyyəti ilə bu missiyanın öhdəsindən uğurla gələcək. Bir il boyunca keçiriləcək tədbirlərin ilki olan bu tədbirdə hər kəsə uğurlar arzu edirəm...”.
Nazir qeyd edib ki, bu gün dünyada baş verən savaşlara görə milyonlarla insanın öz vətənini tərk etdiyi bir vaxtda baş tutan bu tədbir çox anlamlıdır: “Prezident Ərdoğanın dediyi kimi, bizim əcdadımız arxasında körpü, məscid, mədrəsə, mürəkkəblə inşa edilən mədəniyyət buraxdı. İnanıram ki, bu layihə türk xalqlarını bir araya gətirəcək...”.
Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım çıxışında Türk dünyasının getdikcə daha da böyüdüyünü vurğulayıb: “Bu coğrafiyada bir olacağıq, diri olacağıq, güclü olacağıq və birlikdə Türk dünyası olacağıq. Bir sözlə, qardaşlığımızı gözümüzün içi kimi qoruyacağıq. Çünki bir olsaq, kimsə bizə mane ola bilməz...”.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar isə tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib: “Ürəyimiz, taleyimiz, könlümüz birdir. Bursa Türk tarixində gözəlliyi, tarixi zənginliyi, ticarəti ilə müstəsna bir şəhərdir və 2022-ci il boyunca bu xüsusiyyətlərə malik olduğu isbatlanacaq”.
Mərasim Türk dünyası sənətçilərinin təqdimatında möhtəşəm konsert proqramı ilə davam edib. 20 ölkədən solist və bədii kollektivlərin – ümumilikdə 700-dək sənətçinin qatıldığı konsertdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı da alqışlarla qarşılanıb.
Sonra Düsen Kaseinov “Türk Dünyasının Mədəniyyət Paytaxtı”na ev sahibliyinin rəmzini Bursa Böyükşəhər Bələdiyyə başqanına təqdim edib.
Xatırladaq ki, 2020-ci ilin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilmiş Xivə şəhərində bu mərasim pandemiya səbəbindən ertələnərək 2021-ci ildə keçirilmişdi.
Beləliklə, TÜRKSOY-un 2012-ci ildən həyata keçirilən “Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsinin xəritəsi Astana (Qazaxıstan), Əskişəhər (Türkiyə), Kazan (Tatarıstan), Marı (Türkmənistan), Şəki (Azərbaycan), Türküstan (Qazaxıstan), Kastamonu (Türkiyə), Oş (Qırğızıstan) və Xivədən (Özbəkistan) sonra Bursa adı ilə işıqlanacaq... Sırada isə Şuşa var...
Mehparə Sultanova