Aprelin 27-də Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur.

Bu münasibətlə aprelin 7-də Beynəlxalq Muğam Mərkəzində (BMM) tədbir keçirildi. Tədbirdə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi çıxış edərək ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, hazırda strateji əməkdaşlıq səviyyəsində olan bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu vurğuladı. Qeyd etdi ki, Macarıstanla Azərbaycanı həm də mədəni bağlar bir-birinə yaxın edir.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, ötən 30 illik dövrdə Azərbaycan-Macarıstan əlaqələri iki ölkənin dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2005-2021-ci illərdə Bakı və Budapeştdə 10-dan çox biznes forum, işgüzar görüş və digər tədbirlər keçirilib. Həmçinin bu ilin fevral ayında Bakıda Birgə Komissiyanın 8-ci iclası və biznes forum təşkil olunub. 2019-cu ildə Budapeştdə Azərbaycan Evi açılıb.

Nazir həmçinin erməni işğalından azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinə macar şirkətlərinin də qoşulmaq istəyinin məmnunluq doğurduğunu qeyd etdi. Bildirdi ki, elm, təhsil və mədəniyyət sahəsində iki ölkənin əlaqələri də sürətlə inkişaf edir.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qeyd etdi ki, Azərbaycan-Macarıstan əlaqələrinin vəziyyəti iki ölkənin parlamentləri arasında da yüksək səviyyədə özünü göstərir. Millət vəkili qarşılıqlı səfərlərin həyata keçirildiyini, parlamentlərin komitələri arasında sıx əlaqələrin olduğunu əlavə etdi.

Daha sonra tədbir bədii proqramla davam etdi. Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə (dirijor – Əməkdar artist Əyyub Quliyev) Azərbaycan və Avropa bəstəkarlarının əsərləri təqdim olundu. Xalq artisti, pianoçu Murad Hüseynov, Əməkdar artist Ramil Qasımovun ifaları böyük alqışlarla qarşılandı. Proqramda B.Bartok, F.Əmirov, T.Quliyev, F.Erkel, C.Verdi və F.Listin əsərləri səsləndirildi.

Tədbirdə həmçinin “LATIS” Tətbiqi İncəsənətin Qorunması və Təbliği İctimai Birliyi dərnək üzvlərinin əl işlərindən ibarət sərgi təşkil olunmuşdu.

Lalə Azəri